×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyində Açıq hökumət tərəfdaşlığı çərçivəsində görülən işlər müzakirə edilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu gün Səhiyyə Nazirliyində Açıq hökumət tərəfdaşlığı çərçivəsində səhiyyə sistemində görülən işlərə həsr edilmiş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə nazirlik aparatının, aparıcı şöbə və bölmələrin əməkdaşları iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, ölkə Prezidentinin 2016-cı il aprelin 27-də imzaladığı Sərəncama əsasən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda, Səhiyyə Nazirliyinin də üzərinə müəyyən öhdəliklər düşür. Fəaliyyət Planının icrası sahəsində il ərzində üzrə görülən işlər və zəruri addımlar müzakirə edilib.
Toplantıda qurumun şöbə və sektor rəhbərləri açıq hökumətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələlərinə dair Səhiyyə Nazirliyinin şöbələri üzrə görülmüş işlərdən danışılıb və qarşıdan gələn dövrdə rüblər üzrə nəzərdə tutulan tədbirləri müzakirə edilib.
Sonra toplantı iştirakçılarına müvafiq göstəriş və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə hesabat xarakterli məlumatların vaxtında toplanması tapşırılıb.
Qeyd edək ki, indiyə qədər Səhiyyə Nazirliyi sistemində elektron xidmətlər üzrə bir sıra işlər görülüb. Mərkəzləşmiş “İşə qəbul” elektron xidmətinin proqram təminatı yenidən hazırlanıb və tətbiq olunub, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin edilib.
Yeni elektron xidmət olan “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanaraq tətbiq olunub.
“Elektron xidmət növlərinin Siyahısı”nda göstərilmiş 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılıb. Həmin xidmətlərin 33-ü “Elektron hökumət” portalına inteqrasiya edilib.

Səhiyyə 2017-10-19 17:50:00