×
A
A
A
Sazlamalar

Bərdədə qanunsuz at kəsimi və at əti aşkarlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC 

Bərdə rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Bərdə Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə alınmış məlumat əsasında Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının evinin həyətinə baxış keçirilib. Baxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, gizli şəkildə kəsilmiş 2 baş atın mədə-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər, at dırnaqları, 100 kiloqram sümüklü at əti və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazimatlar aşkar olub. Araşdırma zamanı məlum olub ki, ev sahibəsi at kəsimini oğlu Niyaməddin Novruzov ilə birgə həyata keçirib.
Aşkar edilən ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Ümumi çəkisi 100 kiloqram olan at ətinin müayinələri başa çatana kimi müvəqqəti soyuducu kameraya yerləşdirilib. Həyətdə aşkarlanan 2 baş atın mədəd-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər və at dırnaqları isə zərərsizləşdirilmək üçün götürülüb.
Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə, qanunsuz at kəsimi ilə məşğul olan ev sahibi Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu barədə akt yazılaraq inzibati protokol tərtib edilib.
Qeyd olunub ki, Novruzova Vəsilə Ərşad qızı cari il sentyabrın 15-də qeyri-qanuni at kəsimi ilə məşğul olduğuna görə ona xəbərdarlıq olunaraq, İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 200 manat miqdarında cərimələnib. Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırmalar aparılması üçün hüquq mühafizə orqanlarına göndəriləcək.

Kənd təsərrüfatı 2017-10-14 14:08:00