×
A
A
A
Sazlamalar

Seymur Səfərli: Prezidentin Sərəncamı ölkəmizdə çayçılıq ənənələrinin bərpasına şərait yaradacaq

Bakı, 19 sentyabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Prezident İlham Əliyevin çayçılığa diqqət və qayğısı, həmçinin “Azərbaycan Respublikasında sitrus meyvələrinin, çay və çəltik istehsalının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamında qeyd edilən məsələlərin qısa zamanda həlli ölkəmizdə çayçılıq ənənələrinin bərpasına şərait yaradacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli bildirib.

 1988-ci ildə Azərbaycanda 34,5 min ton çay istehsal olunub və bu, ölkə tarixində maksimum göstəricidir

 Respublikamızda çayçılığın inkişaf perspektivlərindən danışan mütəxəssis qeyd edib ki, çayçılıq Azərbaycanda ənənəvi və gəlirli sahələrdən biridir. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycanda subtropik bitkiçiliyin, o cümlədən çayçılığın sənaye miqyasında inkişafı başlamışdı. Həmin dövrdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çay istehsalı 1980-ci ildən başlayaraq inkişaf etdi, 1988-ci ildə isə maksimum səviyyəyə çatdı. O vaxt bu göstərici 34,5 min ton, çay plantasiyalarının sahəsi isə 13,2 min hektar olub. Çay əkinlərinin maksimum sahəsi isə 1985-ci ilə təsadüf edir – 13,4 min hektar.

Vaxtilə 300 milyon əhalisi olan SSRİ-nin çaya tələbatının 8-10 faizinin Azərbaycan çayı hesabına ödənildiyini xatırladan S.Səfərli bildirib ki, sovet dövründə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik fəaliyyət göstərirdi. Eyni zamanda, Bakıda və Lənkəranda çay qablaşdıran iki nəhəng fabrik var idi ki, bu müəssisələrdə də minlərlə işçi çalışırdı.
“Təəssüflər olsun ki, sonrakı dövrlərdə bazar iqtisadiyyatına keçid ərəfəsində çay becərilməsi və emalı ilə məşğul olan fermerlərin maddi-texniki və təşkilati cəhətdən üzləşdiyi çətinliklər bu sahənin tənəzzülü ilə nəticələndi”, - deyən nazirliyin rəsmisi qeyd edib ki, 2016-cı ildə respublikada çay əkinlərinin ümumi sahəsi 1016 hektar olub. Bu isə 1985-ci illə müqayisədə 13,1 dəfə azdır. Bununla belə, çayçılıq sahəsinin inkişafında müəyyən irəliləyişlər də var. Belə ki, 2016-cı ildə Astarada 7 hektar, Masallıda 3 hektar, Lənkəranda 2 hektar olmaqla, yeni çay plantasiyaları salınıb.

Prezidentin Sərəncamı çayçılığın inkişafında kompleks tədbirlər nəzərdə tutur

Çayçılığın ölkə iqtisadiyyatında rolunu nəzərə alaraq dövlət başçısı bu il sentyabrın 12-də “Azərbaycan Respublikasında sitrus meyvələrinin, çay və çəltik istehsalının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu barədə danışan S.Səfərli Sərəncamda Kənd Təsərrüfatı Nazirliyinə də bir sıra tapşırıqların verildiyini vurğulayıb. Bu tapşırıqlara çayçılığın inkişafı ilə bağlı dövlət proqramının, çay plantasiyalarının genişləndirilməsini stimullaşdırmaq üçün sahibkarlara göstərilən dəstək mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çay istehsalçılarına zəruri kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə icarəyə verilməsi və ya satılması, onlara texniki servis xidməti göstərilməsi kimi vəzifələr daxildir. Habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin güzəştli şərtlərlə satılması təmin ediləcək, çay bitkisinin tingçilik təsərrüfatlarının inkişafının dəstəklənməsi, çay istehsalı sahəsində fitosanitar, informasiya-məsləhət xidmətlərinin və kadr potensialının gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Respublikada illik istehsal gücü 24,3 min ton olan

10 çay emalı müəssisəsi fəaliyyət göstərir

“Onu da bildirim ki, 2016-cı ildə yaşıl çay istehsalçılarına yanacaq və motor yağlarına 160700 manat subsidiya ayrılıb. 2008-ci ildən başlayaraq çayçılığın inkişafı ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 sahibkara 10,7 milyon manat güzəştli kredit, 100 hektar ərazidə müasir suvarma sistemlərinin tətbiqi ilə bir çayçılıq təsərrüfatının yaradılmasına 10 milyon manat vəsait verilib. Hazırda respublikada illik istehsal gücü 24,3 min ton olan 10 çay emalı müəssisəsi fəaliyyət göstərir”, - deyə bitkiçilik şöbəsinin müdir müavini əlavə edib.

 Azərbaycan çayının ən böyük ixracatçısı Rusiyadır

 S.Səfərli çay ixracı barədə də məlumat verərək bildirib ki, 2016-cı ildə respublikamız ümumi dəyəri 6180 min dollar olan 1140 ton çay ixrac edib. Azərbaycan çayının ən böyük ixracatçısı Rusiyadır - 641 ton. Sonrakı yeri 310 tonla Gürcüstan tutur. Bundan başqa, Azərbaycan çayı “Made in Azerbaijan” brendi altında Almaniya, ABŞ, BƏƏ, İngiltərə, Əfqanıstan, İran, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, Qazaxıstan və Ukraynaya da ixrac olunur.

Kənd təsərrüfatı 2017-09-19 12:24:00