×
A
A
A
Sazlamalar

Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib

Bakı, 28 avqust, AZƏRTAC

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsinin növbəti mərhələsi çərçivəsində Saatlı və Mingəçevir şəhərlərində vətəndaşlar üçün maarifləndirici seminarlar təşkil olunub.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, seminarlarda iştirakçılara gündəlik həyatda qarşılaşa biləcəkləri əsas kibertəhdidlər, sosial mühəndislik, fişinq hücumları, şəxsi məlumatların və hesabların qorunması, həmçinin kibertəhlükəsiz davranış qaydaları barədə məlumat verilib.
Seminarlar interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və real həyatda rast gəlinən kibertəhlükəsizlik riskləri ilə bağlı praktiki nümunələr təqdim olunub. Tədbirlər vasitəsilə region sakinlərinin kibertəhlükələr barədə məlumatlılığının artırılması və onların rəqəmsal mühitdə daha təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması hədəflənib.
Maarifləndirici seminarlarla yanaşı, layihə çərçivəsində kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığı istiqamətində təlimlər də davam etdirilir.
Layihənin əsas məqsədi təlim və seminarlarda iştirak edən şəxslərin sayəsində regionlarda kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsi, vətəndaşların müasir kibertəhdidlərə qarşı məlumatlılığının artırılması və regionda kibertəhlükəsizlik sahəsində yerli kadr potensialının inkişaf etdirilməsidir.
Qeyd edək ki, “Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı çərçivəsində AKTA-nın təşkilatçılığı ilə həyata keçirilir.

 

Regionlar 2026-08-28 15:35:00