×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

Cəbrayıl, 28 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə Ağdərə, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində daha 40-dək şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.
Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, kiçik dərzi sexi, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri, avtotəmizləmə, qadın gözəllik salonu, kişi bərbərxanası, dönərxana, avtoçilingər xidmətləri üzrə kiçik bizneslərini yaradıblar.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
İşğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 950-yə yaxın şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.

Müxbir-Aydın Yavərzadə

Regionlar 2026-08-28 16:55:00