


“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO
Cəbrayıl, 28 avqust, AZƏRTAC
Şərqi Zəngəzurun yaddaşında illərin nisgilini yaşadan yaşayış məntəqələri bu gün yeni görkəminə qovuşur. Vaxtilə doğma ocaqlarından didərgin düşən insanların ayaq səsləri indi həmin torpaqlarda yenidən eşidilir. Hər açılan qapı, hər yanan işıq, hər salınan bağ burada həyatın yenidən başladığını göstərir.
Bu dirçəlişin ünvanlarından biri də Cəbrayıl rayonunun işğaldan azad olunan Şükürbəyli kəndidir. Bir vaxtlar insanların məcburən tərk etdiyi kənd bu gün yenidən sakinlərini qarşılayır. Küçələrində yeni evlər tikilib, yollar abadlaşdırılıb, sosial obyektlər inşa edilib. Ən başlıcası isə illər əvvəl yarımçıq qalan həyatların davamı üçün burada yeni bir səhifə açılıb.
Bu günədək Şükürbəyliyə yüzlərlə ailə köçürülüb. Hər köç karvanı kəndə yalnız yeni sakinlər gətirmir, həm də illərlə qorunan xatirələri, ata-baba ocaqlarına bağlılığı və doğma torpağa qayıtmaq arzusunu özü ilə gətirir. Növbəti köç çərçivəsində daha 15 ailənin Şükürbəyliyə yerləşdirilməsi də bu Böyük Qayıdışın davamıdır.
Kəndə qədəm qoyanların üzündə sevinc, baxışlarında isə illərin həsrəti ilə qarışan qəribə bir kövrəklik hiss olunur. Kimisi uşaqlığının keçdiyi küçələri axtarır, kimisi evinin yerini xatırlamağa çalışır, kimisi isə övladlarına illərlə danışdığı doğma yurdu ilk dəfə göstərir.
Kəndə yeni köçən ailələr öz sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər.
“Sanki yeni həyata başlayıram”
Sənubər Məmmədova üçün bu qayıdış illərlə ürəyində yaşatdığı arzunun gerçəkləşməsidir. Doğma torpaqdan ayrılığın ağrısını yaşamış, həyat yoldaşını şəhid vermiş Sənubər xanım bu gün övladı və nəvələri ilə birlikdə Cəbrayıla qayıdıb. Onun üçün bu yol sadəcə bir ünvana köç deyil, həm də keçmişlə gələcəyin qovuşduğu mənəvi dönüşdür: “Ağrı-acılı günlərlə doğma yurdumuzu tərk etməli olduq. İndi isə azad edilmiş ərazilərə sevinc hissləri ilə qayıdırıq. Çox sevincliyəm, sanki yeni həyata başlayıram. Vətənə qovuşmaq əvəzsiz hisslərdir. Ağır günlər idi, həyat yoldaşım şəhid olmuşdu. Ötən bu illər ərzində Vətən həsrəti ilə yaşasam da, ümidim itmədi. İnanırdım ki, bir gün doğma yurda qovuşacağam. Bu gün bir övladım və iki nəvəmlə Cəbrayıla gəlmişəm. Kəndimiz yenidən qurulub, müasir evlər inşa edilib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı arzulayıram. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz bizlərə Qələbə sevincini yaşatdı, Vətənə qovuşdurdu”.

Sənubər xanımın sözlərində bir ailənin deyil, bütöv bir nəslin yaşadığı taleyin izləri duyulur. İllər boyu həsrətlə gözlənilən gün gəlib çatıb. İndi onun ailəsi doğma torpaqda yeni həyat quracaq, nəvələri isə nənələrinin illərlə danışdığı yurdu öz gözləri ilə görəcəklər.
“33 il əvvəl buradan çıxanda 6 yaşım var idi”
Şükürbəyliyə qayıdanlar arasında uşaqlıq xatirələrini özü ilə gətirənlər də var. Vadim Məmmədov doğma kəndini 6 yaşında tərk edib. O zaman bəlkə də qarşıda onu 33 illik ayrılığın gözlədiyini təsəvvür etmirdi. İllər keçdi, uşaqlıq xatirələri yaddaşında qaldı. İndi isə o, həmin kəndə bu dəfə öz övladları ilə qayıdır. “33 il əvvəl buradan çıxanda 6 yaşım var idi. Evimiz, qonşularımız, kəndimiz uşaqlıq yaddaşımda qalıb. Torpaqlarımız azad edildikdən sonra ilk dəfədir bura gəlirəm və daimi yaşayacağam. Doğma yurdda olmaq çox gözəl hisslərdir. İndi öz ailəmlə, iki övladımla qayıtmışam. Oğlumun biri mənim buranı tərk etdiyim yaşdadır. Sevinirəm ki, övladlarım burada təhsil alacaq. Kəndimiz çox gözəl inşa edilib. Məktəb, bağça, müasir evlər, abad yollar var”, - deyə o bildirib.

Onun sözlərində zamanın necə dəyişdiyini göstərən maraqlı bir məqam da var. Vaxtilə bu kənddən ayrılan altı yaşlı uşaq indi özü ata kimi doğma yurda dönüb. Bir vaxtlar uşaqlıq xatirələrində qalan kənd bu gün onun övladlarının böyüyəcəyi məkana çevrilir. Beləcə, qırılmış bir həyat xətti yenidən öz başlanğıc nöqtəsinə qayıdır.
Şükürbəyliyə qayıdış yalnız yaşayış evlərinə köçməkdən ibarət deyil. Burada insanların rahat və təhlükəsiz həyat sürməsi üçün bütün zəruri infrastruktur yaradılıb. Yeni salınan küçələr, müasir evlər, məktəb və bağçalar kəndin gələcək həyatının əsasını təşkil edir.
Qeyd edək ki, Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Kəndin enerji və kommunal təminatı da tam şəkildə qurulub. Burada 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb. Kənddaxili yollar asfaltlanaraq sakinlərin rahat hərəkəti üçün əlverişli şərait yaradılıb.

İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır. Bu evlərin hər biri vaxtilə yarımçıq qalmış bir həyatın yenidən qurulması üçün yeni ocaq, yeni başlanğıc deməkdir.
Şükürbəyli bu gün artıq xəritədə yalnız bir yaşayış məntəqəsi deyil. O, Böyük Qayıdışın canlı ünvanlarından biridir. Burada hər yeni ailənin gəlişi kəndin küçələrinə yeni həyat gətirir, hər açılan məktəb qapısı gələcəyə ümid yaradır, hər yeni ocaq isə illərlə davam edən həsrətin sona çatdığını göstərir.
Və ən böyük dəyişiklik budur – illər əvvəl bu torpaqlardan ayrılan insanlar indi həmin torpaqlara qayıdırlar. Onlar yalnız evlərinə deyil, öz keçmişlərinə, xatirələrinə və gələcəklərinə qovuşurlar. Şükürbəyli isə hər yeni köç karvanı ilə bir az da böyüyür, bir az da canlanır və doğma sakinlərinin qayıdışı ilə öz əvvəlki nəfəsini yenidən tapır.
Müxbir-Aydın Yavərzadə
Laçında səyyar stomatoloji aksiya təşkil edilib
İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub
Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib