


Fəxri Hüseynov: “DataRace” platforması nəzəriyyədən real sektora keçiddə mühüm rol oynayır
Bakı, 28 avqust, AZƏRTAC
Data artıq gələcək deyil, bizim bu günümüzdür və hər bir uğurlu qərarvermədə, əsas qərarların qəbulunda analitikaya əsaslanan yeganə həll yoludur.
AZƏRTAC xəbər verir ki, bu sözləri AZCON Holdingin Rəqəmsal transformasiya departamentinin Müəssisə arxitekturası şöbəsinin müdiri Fəxri Hüseynov Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə keçirilən "DataRace" layihəsi üzrə ilk yarışın qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışı zamanı deyib.
F.Hüseynov dünyada toplanan məlumatların həcminin sürətlə artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu proses qarşıdakı illərdə daha böyük məlumat axınının yaranmasına səbəb olacaq, həmin məlumatların düzgün emalı və təhlili mühüm məsələyə çevriləcək.
“Hazırda toplanan böyükhəcmli məlumatların yalnız kiçik bir hissəsindən istifadə olunur. Bu baxımdan, “DataRace” kimi platformalar biznesin istifadə edə bilmədiyi məlumatların gənclər tərəfindən emal edilərək faydalı informasiyaya çevrilməsində mühüm rol oynaya bilər. Biznesin görə bilmədiyi, istifadə edə bilmədiyi məlumatları gənc nəsil öz təcrübə və biliklərinə uyğun şəkildə emal edir, həmin datadan biznes üçün lazım olan məlumatları toplayaraq dəyərləndirir. Nəzəriyyədən real sektora keçiddə “Datarace” platforması mühüm rol oynayır”, - deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, “DataRace” biznes və dövlət qurumlarına real çağırışlarını süni intellekt və data sahəsində istedadlarla bir araya gətirmək imkanı yaradır. Platforma vasitəsilə eyni problem üzərində çoxsaylı iştirakçı işləyərək, fərqli yanaşmalar hazırlayır, tapşırıq (həlli üzərində çalışılan data) sahibi isə müxtəlif həlləri müqayisə etmək və onlar arasından perspektivli yanaşmaları müəyyənləşdirmək imkanı əldə edir.
Modelin ilk tətbiqində “Apar”ın real biznes çağırışı üzrə 300-dən çox süni intellekt yanaşması təqdim olunub. Növbəti mərhələlərdə müxtəlif sektorların real çağırışları əsasında yeni “DataRace” yarışlarının keçirilməsi nəzərdə tutulur.
Fotoqraf - Azər İbrahimov
Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib
“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb