×
A
A
A
Sazlamalar

Azərbaycanın qızıl ixracından gəliri 34 faizədək artıb

Bakı, 28 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon dollar) birinci olub. Qızıl ixracından əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 faiz çoxdur.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla xəbər verir ki, bu siyahıda tomat (172 milyon dollar) ikinci, mis filizləri və konsentratları (152 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
İyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı, nektarinlər daxil olmaqla (46,8 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (37,2 milyon dollar) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar (28,7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 731,7 milyon dollar, Türkiyəyə 390,6 milyon dollar, Gürcüstana 328,1 milyon dollar, İsveçrəyə 251,6 milyon dollar, Ukraynaya isə 85 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İyul ayında Rusiyaya 135,5 milyon dollar, Gürcüstana 48,3 milyon dollar, Türkiyəyə 39,8 milyon dollar, İsveçrəyə 37,7 milyon dollar, İspaniyaya isə 19,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

İqtisadiyyat 2026-08-28 12:18:00