×
A
A
A
Sazlamalar

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin dərinləşməsi və vahid geoiqtisadi məkanın formalaşması baxımından mühüm imkanlar yaradır. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə artan əməkdaşlığı və Özbəkistanın regional iqtisadi potensialı Bakı–Daşkənd münasibətlərini daha geniş regional proseslərin mühüm elementinə çevirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Vüsal Quliyev deyib.
O bildirib ki, bu baxımdan nəqliyyat və logistika əməkdaşlığı, xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan və Özbəkistanın Orta Dəhlizin inkişafında maraqlarının üst-üstə düşməsi Mərkəzi Asiyanın Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Xəzər üzərindən Azərbaycan ərazisinə daxil olan yüklərin daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropa istiqamətində daşınması Özbəkistan üçün alternativ və etibarlı marşrutlar formalaşdırır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi ölkənin yalnız tranzit ölkə deyil, həm də regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirir. Zəngəzur dəhlizinin perspektivdə reallaşması isə bu imkanları daha da genişləndirə bilər. Naxçıvan üzərindən Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa nəqliyyat əlaqəsinin formalaşması Orta Dəhlizi şaxələndirərək onun səmərəliliyini və rəqabət qabiliyyətini artıra bilər. Bu, Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Cənubi Qafqazı Mərkəzi Asiya ilə Avropa arasında daha inteqrasiya olunmuş nəqliyyat və ticarət məkanının mühüm hissəsinə çevirə bilər”.
Vüsal Quliyevin sözlərinə görə, Azərbaycan–Özbəkistan tərəfdaşlığının digər mühüm istiqaməti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsidir. “Bakı və Daşkənd arasında strateji yaxınlaşma təşkilat daxilində nəqliyyat, rəqəmsallaşma, enerji, investisiya və ticarət sahələrində daha sıx koordinasiyaya təkan verə bilər. Bu baxımdan, iki ölkənin əməkdaşlığını yalnız ikitərəfli münasibətlər kimi deyil, Türk dünyasının geoiqtisadi əlaqələrinin dərinləşdirilməsinə xidmət edən platforma kimi də qiymətləndirmək olar”, – deyə o diqqətə çatdırıb.
Onun fikrincə, Azərbaycan–Özbəkistan strateji müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni bağlantıların formalaşmasına mühüm töhfə verə bilər:“Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin perspektivi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi bu iki regionu daha sıx şəkildə birləşdirə bilər. Bu potensialın reallaşması yalnız infrastruktur layihələrindən deyil, həm də gömrük prosedurlarının sadələşdirilməsindən, rəqəmsal nəqliyyat sistemlərinin inteqrasiyasından, sərhədkeçmə proseslərinin sürətləndirilməsindən və regional siyasi koordinasiyanın gücləndirilməsindən asılı olacaq”.

Müxbir - Səbinə Əlizadə

2026-08-26 17:40:00