


Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır
Oğuz, 25 avqust, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Oğuz rayonunda mühüm addımlar atılmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə görülmüş işlərlə yerində tanış olmaq məqsədilə Oğuz rayon icra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov rayon ərazisində çiyələk yetişdirilməsi ilə məşğul olan fermer Vasif Umarovun təsərrüfatına baş çəkib. Rayon rəhbərinə təsərrüfatda görülən işlər, məhsuldarlıq göstəriciləri və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verilib.
Fermer bildirib ki, təsərrüfatda çiyələk əkininə cari ilin fevral ayında başlanılıb. Hazırda 1 hektar sahədən 35 tondan çox məhsul yığılıb. Əlverişli hava şəraiti davam edəcəyi təqdirdə, mövsümün sonunadək ümumi məhsul istehsalının 60 tona çatdırılması planlaşdırılır. Təsərrüfat üzrə orta məhsuldarlığın isə 45–50 ton təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd olunub ki, çiyələk istehsalının genişləndirilməsi ilə bağlı qarşıdakı dövr üçün mühüm hədəflər müəyyənləşdirilib. Mövcud istehsal sahəsinin əlavə 6–10 hektar genişləndirilməsi nəzərdə tutulur. Bazar qiymətləri və satış imkanlarının əlverişli olması halında əkin sahələrinin daha da artırılması planlaşdırılır.
Hazırda təsərrüfatda məhsul yığımı və digər mövsümi işlərin həyata keçirilməsinə 20–25 nəfər cəlb olunub. İstehsal sahələrinin genişləndirilməsi nəticəsində gələcəkdə 120–150 nəfərin daimi və mövsümi əsaslarla işlə təmin edilməsi gözlənilir.
Fermerin sözlərinə görə, təsərrüfatda istehsal olunan çiyələk əsasən Oğuz, Mingəçevir, Qəbələ və Ağsu rayonlarının bazarlarında satılır. Qarşıdakı dövr üçün əsas hədəflərdən biri məhsulların xarici bazarlara çıxarılması və ixrac imkanlarının genişləndirilməsidir.
Bildirilib ki, təsərrüfatın genişləndirilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə yanaşı, yerli əhalinin məşğulluğunun təmin olunmasına, kənd yerlərində gəlir imkanlarının genişləndirilməsinə və rayonun aqrar potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.
Oğuzda çiyələkçiliyin inkişaf etdirilməsi yerli istehsalın artmasına, yeni məşğulluq imkanlarının yaranmasına və gələcəkdə məhsulların xarici bazarlara çıxarılması üçün əlverişli şəraitin formalaşmasına imkan yaradacaq.
Müxbir - Rasim İslamoğlu
Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya
Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar
Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır
Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq