×
A
A
A
Sazlamalar

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

Bakı, 21 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində tələbələr və şəhid-qazi övladları üçün təşkil olunan “Bir yay, min xatirə” yay düşərgəsi davam edir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə iştirakçılara “Müasir dövrdə gənclər üçün imkanlar və yeni çağırışlar” adlı təlim keçib. Təlim zamanı müasir əmək bazarının tələbləri, gənclərin şəxsi və peşəkar inkişaf imkanları, könüllülük və ictimai fəallığın əhəmiyyəti, liderlik və komanda işi, rəqəmsal bacarıqlar, karyera planlaması və yeni dövrün yaratdığı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara qarşıya çıxan imkanları düzgün qiymətləndirmək, şəxsi potensiallarını inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq və dəyişən dünyaya çevik şəkildə uyğunlaşmaqla bağlı praktiki tövsiyələr verilib.
BDU-nun Protokol sektorunun mütəxəssisi Mirhüseyn Tağıyev tərəfindən isə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində interaktiv sessiya keçirilib. Sessiya zamanı şəhərsalma sahəsində mövcud aktual problemlərin daha aydın şəkildə izah edilməsi və iştirakçıların mövzuya yaradıcı yanaşmasının təmin olunması məqsədilə onlar komandalara bölünüblər. Hər bir komandaya şəhərsalma ilə bağlı müxtəlif mövzular təqdim olunub və iştirakçılar həmin mövzular əsasında kiçik səhnəciklər hazırlayaraq nümayiş etdiriblər. Komanda üzvləri seçdikləri mövzuları real həyatdan nümunələr və situasiyalar əsasında canlandıraraq şəhərsalma problemləri ilə bağlı fikir və təkliflərini ifadə ediblər.
Çıxışlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən uğurlu təqdimat nümayiş etdirən komanda qalib elan olunub.
BDU rektorunun katibliyinin referenti Qasım Xəlilov çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, onların həyata keçirilməsində insan kapitalının rolu və fərdi davranışların dayanıqlı inkişaf proseslərinə təsiri barədə ətraflı məlumat verib. O, dayanıqlı inkişafın təmin olunmasında insan faktorunun, xüsusilə də səmərəli qərar qəbuletmə və sosial məsuliyyət prinsiplərinin əhəmiyyətini vurğulayıb.
Təlimin interaktiv hissəsində iştirakçılar komandalara bölünərək büdcənin səmərəli idarə olunması, maliyyə resurslarının düzgün bölüşdürülməsi və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində praktiki planlar hazırlayıblar.
Qeyd edək ki, yay düşərgəsi BDU, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə reallaşıb.

Elm və təhsil 2026-08-21 20:58:00