×
A
A
A
Sazlamalar

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

Bakı, 21 avqust AZƏRTAC
Bakıda nümayiş olunan “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi Axıska türklərinin yaşadığı sürgün, faciə və mübarizə tarixinin geniş ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Dünya Axıska Türkləri Birliyinin baş direktorunun köməkçisi İsmayıl Mamed söyləyib. O bildirib ki, sərginin ilk təqdimatı Türkiyənin İstanbul şəhərində keçirilib. Bu gün isə sərgi Azərbaycanda təşkil olunub: “Bu, xüsusi əhəmiyyət daşıyır. “Biz hər zaman “Bir millət, iki dövlət” deyirik. Bu gün burada iştirak edən bütün rəsmi qurum və təşkilatlara təşəkkür edirəm”.
Müsahibimiz vurğulayıb ki, Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir: “Axıska türkləri İkinci Dünya müharibəsindən sonra hüquqları bərpa olunmayan xalqlardan biri kimi uzun illər ədalətsizliklə üzləşiblər. Belə sərgilərin təşkil olunması lazımdır. Bunları bütün Türk dünyasına çatdırmalıyıq. Türk dünyası bu hadisələri izlədikcə, Axıska türklərinin yaşadığı faciəni və hüquqları uğrunda mübarizəni daha yaxından tanıyacaq”.
İ.Mamed Türkiyənin Axıska türklərinə göstərdiyi dəstəyə də diqqət çəkib. O bildirib ki, Türkiyə dövləti Axıska türklərinin yanında olub və onların Türkiyə vətəndaşlığı əldə etməsinə imkan yaradıb.
Dünya Axıska Türkləri Birliyinin baş direktorunun köməkçisi Azərbaycanın da Axıska türklərinin taleyində mühüm rol oynadığını, Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə onlar üçün Azərbaycanda şərait yaradıldığını qeyd edib.
“Biz gələcək nəsillərin bu tarixi bilməsi üçün belə sərgiləri keçirməkdə davam edəcəyik”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Xanlar Əlizadə

Elm və təhsil 2026-08-21 18:14:00