×
A
A
A
Sazlamalar

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Astana, 21 avqust, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni birpalatalı Qurultaya qarşıdan gələn seçkilər ərəfəsində vətəndaşlara müraciət edib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı yeni birpalatalı Qurultaya ilk seçkilərin tarixi hadisə olacağını bildirib. Prezidentin sözlərinə görə, Xalq Konstitusiyasının qüvvəyə minməsi ilə bu seçkilər bütün vətəndaşların rifahı naminə yeni islahatların başlanğıc nöqtəsi olacaq və müasir Qazaxıstanın tarixində yeni səhifə açacaq.
Tokayev vurğulayıb ki, Qurultaya ilk seçki kampaniyası məzmunlu, açıq, rəqabətli və sivil şəkildə keçib. Vətəndaşlar siyasi partiyaların proqramlarını və ölkənin gələcək inkişafı ilə bağlı təşəbbüslərini qiymətləndirmək imkanı əldə ediblər.
“Şübhəsiz ki, bu seçkilər ölkəmizin tarixində, bəlkə də, ən maraqlı seçkilər kimi yadda qalacaq”, - deyə Qazaxıstan Prezidenti bildirib.
Yeni birpalatalı Qurultaya seçkilər bazar günü - avqustun 23-də keçiriləcək.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2026-08-21 19:04:00