×
A
A
A
Sazlamalar

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

London, 21 avqust, AZƏRTAC

Şahzadə Harri və daha altı tanınmış şəxs Böyük Britaniyanın Ali Məhkəməsində məxfiliklə bağlı iddianı uduzduqdan sonra “Daily Mail” qəzetinin naşirinə məhkəmə xərcləri üçün ilkin olaraq 9,54 milyon funt sterlinq ödəməlidir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Şahzadə Harri ilə yanaşı, müğənni Elton Con və aktrisa Elizabet Hörlinin də daxil olduğu 7 iddiaçı məbləği avqustun 28-dək ödəməlidir. Onların sonradan əlavə olaraq 25 milyon funt sterlinqədək məhkəmə xərci ödəməsi də mümkündür.
İddiaçılar “Daily Mail”in naşiri “Associated Newspapers Limited” (ANL) şirkətini qanunsuz yollarla şəxsi məlumatlar toplamaqda ittiham etmişdilər. ANL isə ittihamları qəti şəkildə rədd etmişdi. İyulun 7-də hakim Niklin iddiaları rədd edərək tanınmış şəxslərin irəli sürdükləri ittihamları sübut edə bilmədiklərini bildirib. Hakim işin aparılma üsulunu nəzərə alaraq, Şahzadə Harri və digər iddiaçıların qəzet qrupunun çəkdiyi məhkəmə xərclərinin ödənilməsi üçün ümumilikdə 34,5 milyon funt sterlinqədək vəsait ödəməsini nəzərdə tutan müstəsna qərar qəbul edib.
Şahzadə Harri və digər 6 iddiaçının qərardan apellyasiya şikayəti vermək üçün oktyabrın 2-dək vaxtı var. Digər iddiaçılar Elton Con və onun həyat yoldaşı Devid Ferniş, Saymon Hyuz, Seydi Frost, Elizabet Hörli və baronessa Dorin Lourensdir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2026-08-21 18:29:00