


Xalid Xəlilov: Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması böyük əhəmiyyət daşıyır
Bakı, 21 avqust, AZƏRTAC
Milli Azərbaycan Tarix Muzeyində nümayiş olunan “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi Axıska türklərinin tarixi, 1944-cü il deportasiyası və xalqın keçdiyi ağır yol barədə geniş məlumatların ictimaiyyətə çatdırılmasına xidmət edir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycanda Yaşayan Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri, Dünya Axıska Türkləri Birliyinin Azərbaycan təmsilçisi və İdarə Heyətinin üzvü Xalid Xəlilov söyləyib. O bildirib ki, Axıska türklərinin Azərbaycanla əlaqələri yalnız yaxın tarixlə məhdudlaşmır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində Axıska türklərinin ziyalıları da fəal iştirak ediblər.
Müsahibimiz əlavə edib ki, Azərbaycanla Axıska türkləri arasında təhsil sahəsində də mühüm əlaqələr olub. Gürcüstanda Axıska türklərinin məskunlaşdığı kənd və qəsəbələrə Azərbaycandan müəllimlər göndərilib, onların ana dilində təhsil almasına dəstək göstərilib.
X.Xəlilov 1944-cü ildə Axıska türklərinin ata-baba yurdlarından sürgün edilməsinin xalqın tarixində ən ağrılı səhifələrdən biri olduğunu vurğulayıb.
Sərginin keçirilməsi təşəbbüsünə toxunan X.Xəlilov bildirib ki, ekspozisiyanın ilk təqdimatı İstanbulda, daha sonra isə Bakıda olub. Bakıda təşkil olunan sərginin əsas məqsədi Axıska türklərinin sürgün tarixini, yaşadıqları faciələri və mübarizə yolunu Azərbaycan ictimaiyyətinə, habelə ölkəyə gələn xarici qonaqlara çatdırmaqdır.
“Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması bizim üçün böyük əhəmiyyət daşıyır. Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanovun təşəbbüsü ilə sərginin Türkiyədən sonra Azərbaycanda keçirilməsi bizim üçün qürurvericidir”, – deyə X.Xəlilov bildirib. O qeyd edib ki, sərginin Ankarada, habelə Axıska türklərinin kompakt yaşadığı digər ölkələrdə nümayiş etdirilməsi planlaşdırılır.
“Bu sərginin əsas məqsədi yalnız keçmişi xatırlatmaq deyil, Axıska türklərinin yaşadığı tarixi hadisələri gələcək nəsillərə çatdırmaqdır”, - deyə müsahibimiz bildirib.
BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir
Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI
MİQ üzrə müsahibə tarixləri açıqlanıb
Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir