


BMU tələbəsi və mentorunun layihəsi beynəlxalq innovasiya festivalında gümüş medala layiq görülüb
Bakı, 20 avqust, AZƏRTAC
ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – SVIIF 2026” beynəlxalq innovasiya festivalında Bakı Mühəndislik Universitetinin (BMU) təmsil olunduğu Azərbaycan nümayəndə heyəti uğurlu nəticə əldə edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, festivalda BMU-nun SABAH qruplarının əməkdaşı və universitet üzrə mentor Sevinc Əliyeva və universitetin tələbəsi Ləman Səfərli iştirak ediblər. Onların təqdim etdiyi “AINOS” layihəsi beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və festivalın gümüş medalına layiq görülüb.
Festivalda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçı iştirak edib. Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafat qazanıb. Ölkəmizin nümayəndə heyəti festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix”ə də layiq görülüb.
Azərbaycan nümayəndə heyətinin uğurlu nəticəsi Santa Klara şəhərinin meri Lisa M. Gillmor və Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının prezidenti Alireza Rastegarın diqqətini çəkib. Onlar nümayəndə heyətini əldə olunan nəticələr münasibətilə təbrik ediblər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin SVIIF 2026-da iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Festivalda süni intellekt, rəqəmsal texnologiyalar, məlumatların emalı və innovativ mühəndislik həlləri üzrə layihələr təqdim olunub.
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir
Habldan 100 dəfə güclü kosmik teleskop hazırlanıb
Beşinci qrupda müsabiqə necə aparılır? – DİM-dən açıqlama
BMU tələbəsi və mentorunun layihəsi beynəlxalq innovasiya festivalında gümüş medala layiq görülüb
V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlanıb