×
A
A
A
Sazlamalar

Habldan 100 dəfə güclü kosmik teleskop hazırlanıb

Bakı, 20 avqust, AZƏRTAC
Alimlər ekzoplanetlərin aşkar edilməsi, qaranlıq enerjinin öyrənilməsi və kainatın genişmiqyaslı xəritəsinin hazırlanması məqsədilə yeni kosmik teleskop hazırlayıblar.
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) tərəfindən layihələndirilərək ərsəyə gətirilən Roman Kosmik teleskopu müşahidə imkanlarına görə Habl Kosmik Teleskopundan təxminən 100 dəfə güclüdür və eyni zamanda Ceyms Vebb ilə Evklid kosmik teleskoplarının xüsusiyyətlərini özündə birləşdirir. Roman Kosmik Teleskopu kainatın indiyədək sirli qalan bir çox məqamının aydınlaşdırılmasına, kainatın necə təkamül etməsi və sonrakı taleyini müəyyənləşdirməyə mühüm töhfə verəcək.
Teleskop kainatın genişlənmə sürətinin zamanla necə dəyişdiyini təyin edə biləcək. Müşahidə edilə bilən kainatın 68 faizi qaranlıq enerjidən ibarətdir. Teleskopun qısa müddətdə geniş sahəni müşahidə etmək imkanı qalaktikaların xəritələnməsi üçün material verəcək. Qalaktikaların 3D xəritələnməsi isə zamanla onların kosmosdakı vəziyyətinin necə dəyişdiyini izləməyə imkan verir. Bu isə öz növbəsində qaranlıq enerjinin kainatı necə idarə etməsini izah edən açardır. Həmçinin zəif qravitasiya linzalaması üsulundan istifadə etməklə, milyonlarla qalaktikadakı kiçik dəyişiklikləri təyin etmək mümkün olacaq. Nəticədə qalaktikaların paylanması ilə yanaşı, qaranlıq enerjinin də paylanmasını xəritələşdirmək mümkün olacaq.
Qeyd edək ki, teleskopun müşahidə materialları açıq arxivə yerləşdiriləcək. Əlavə olaraq bütün dünyadan alimlər müraciət edərək müşahidələrə qoşula biləcəklər.
Roman teleskopu 2010-ci ildə “Wide Field Infrared Survey Telescope” adlı layihə olaraq təklif olunub. 2016-cı ildə isə icrası təsdiqlənən layihə sonradan Nensi Qreys Romanın şərəfinə adlandırılıb. O, “NASA”da rəhbər vəzifəsinə kimi yüksələn ilk qadın alim olub. Habl Kosmik teleskopunun yaradılmasının əsas təşəbbüskarlarından biri sayılır və ona “Hablın anası” ləqəbi verilmişdi.
Teleskopun 30 avqustda Bakı vaxtı ilə 15:26-da Kennedi Kosmik Mərkəzindən kosmosa qaldırılacağı elan olunub. Roman Kosmik Teleskopu Ceyms Vebb kimi Yerdən 150 milyon kilometr məsafədə, L2 nöqtəsinə yerləşdiriləcək. Uçuşu “Space X” şirkəti “Falcon Heavy” daşıyıcısı vasitəsilə həyata keçirəcək.

Elm və təhsil 2026-08-20 16:16:00