×
A
A
A
Sazlamalar

Gürcüstan Azərbaycandan yanacaq idxalını kəskin artırıb

Tbilisi, 20 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan yanacaq idxalını əhəmiyyətli dərəcədə artırıb. 2026-cı ilin ilk 7 ayında Gürcüstan Azərbaycandan 88 milyon dollar dəyərində 90,1 min ton neft məhsulları idxal edib. Bu da əvvəlki illə müqayisədə 131,1 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, ümumiyyətlə qeyd olunan dövrdə Gürcüstan xaricdən 967 milyon dollar dəyərində 1,05 milyon ton neft məhsulları alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 32,7 faiz, miqdar baxımından isə 8,7 faiz çoxdur.
2026-cı ilin yanvar-iyul aylarında yanacaq idxalının orta dəyəri bir ton üçün təxminən 917 dollar təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu rəqəm təxminən 751 dollar olub.
Hesabat dövründə Gürcüstan ən çox yanacağı Rusiyadan alıb. Belə ki, 2026-cı ilin ilk 7 ayında Rusiyadan 292 milyon dollar dəyərində 392,8 min ton neft məhsulları idxal edilib. Dəyər baxımından Rusiyanın ümumi idxaldakı payı təxminən 30 faiz, idxal həcmi baxımından isə 37 faiz təşkil edir. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan yanacaq idxalı 10,7 faiz azalıb.
Türkiyə 135 milyon dollarla Rusiyadan sonra ikinci yerdədir. 2026-cı ilin yanvar-iyul aylarında Türkiyədən 112,5 min ton yanacaq idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 153,9 faiz artım deməkdir.
Üçüncü yerdə Rumıniyadır. Gürcüstan bu ölkədən 131 milyon dollar dəyərində 139,4 min ton yanacaq alıb. Pul baxımından Rumıniyadan idxal 1,4 faiz azalıb.

Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2026-08-20 13:57:00