


İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz
Bakı, 19 avqust, AZƏRTAC
Düşünürəm ki, çətin oyun olacaq. İki yaxşı komanda qarşılaşır. Məncə, “Hapoel” (Beer-Şeva) “Sabah”dan bir qədər güclüdür. Çox yaxşı baş məşqçisi var. O, bəlkə də komandanın ən vacib üzvüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Simurq”da çıxış etmiş israilli futbolçu İdan Vaytsman Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (Beer-Şeva) və “Sabah” komandaları arasında keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşərkən deyib.
O, Beer-Şeva təmsilçisinin güclü tərəflərindən danışaraq komandanın oyun üslubunu yüksək qiymətləndirib: “Onlar bütün oyunboyu meydanın hər yerində çox güclü pressinq edirlər. Topa nəzarət etməyi çox sevirlər. Çox yaxşı futbolçuları var. Komandanın üstün cəhətlərindən biri keyfiyyətli və ikili mübarizələrdə güclü oyunçularının olmasıdır. Həmçinin arxa xətdə də çox yaxşı futbolçulara sahibdirlər”.
Vaytsman “Hapoel”in növbəti mərhələyə keçmək şanslarını daha yüksək qiymətləndirib: “Düşünürəm ki, növbəti mərhələyə İsrail klubu keçəcək. “Sabah”ın da qalib gəlib mərhələni adlaması təəccüblü olmaz. Lakin “Hapoel” daha yaxşı komandadır və Çempionlar Liqasında yoluna davam edəcək”.
Veteran yarımmüdafiəçinin sözlərinə görə, aparıcı futbolçu Kinqs Kanqvanın komandadan ayrılmasına baxmayaraq, “Hapoel” öz gücünü qoruyub: “Beer-Şeva klubu göstərdi ki, ən yaxşı futbolçusu Kanqvanın “Panatinaikos”a keçməsinə baxmayaraq, yenə də çox yaxşı komandadır. Digər futbolçular onun yerini doldurdular və öz üzərlərinə düşən vəzifəni yerinə yetirdilər”.
Qeyd edək ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçiriləcək “Hapoel” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Müxbir – Cavid Əliyev
Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb
“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz