


Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb
Berlin, 18 avqust, AZƏRTAC
Belçikanın Almaniya ilə sərhədi yaxınlığındakı Hohen Venn təbiət qoruğunda baş verən genişmiqyaslı meşə yanğını bölgədə ciddi narahatlıq yaradıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, güclü tüstü və yanğın qoxusu küləyin təsiri ilə onlarla kilometr məsafəyə yayılaraq Köln şəhərində də hiss olunur. Yanğınsöndürmə xidməti şəhərdə tüstü və qoxu ilə bağlı narahatlığın qeydə alındığını, lakin hazırda sağlamlıq üçün təhlükə olmadığını açıqlayıb.
Yanğın Almaniyanın Monşau şəhərinə də yaxınlaşıb. Bazar günü axşam Kalterherberq yaşayış məntəqəsində sakinlərin bir qismi təhlükəsizlik məqsədilə evlərini tərk etməli olub. Yanğının ötən gün axşam Almaniya sərhədindən təxminən 2,3 kilometr məsafədə olduğu bildirilib. Monşauda əlavə təxliyə planlaşdırılmasa da, şəhər rəhbərliyi sakinləri havadakı tüstü və mümkün zərərli maddələr səbəbindən qapalı məkanlarda qalmağa, havalandırma sistemlərindən istifadə etməməyə çağırıb.
Yanğını xüsusilə təhlükəli edən amil alovun yeraltında torf qatında yayılmasıdır. Közərən təbəqə kilometrlərlə məsafədə yenidən alovlana bildiyindən yanğının istiqamətini proqnozlaşdırmaq çətinləşir.
Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb
Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib
Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir
Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub
İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək