×
A
A
A
Sazlamalar

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Bakı, 14 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər muxtar respublikanın uzun illər davam edən blokada vəziyyətindən çıxdığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilir. Ən mühüm məqam isə Naxçıvanın yalnız blokadadan çıxması deyil, eyni zamanda, geotranzit, yaşıl enerji dəhlizi və birləşdirici coğrafiyaya çevrilməsi perspektivinin formalaşmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş və uzunmüddətli strategiyasının nəticəsidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən maneəsiz keçidin təmin edilməsi ilə bağlı müddəanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata daxil edilməsi də məhz Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olub. Bu, Naxçıvanın blokadasının aradan qaldırılması ilə yanaşı, Azərbaycanın Orta Dəhlizdə tranzit qovşağı kimi mövqeyinin gücləndirilməsi və Türk dünyasındakı coğrafi parçalanmanın aradan qaldırılması baxımından mühüm strateji addım idi. Ermənistan Naxçıvana maneəsiz keçidin təmin edilməsi ilə bağlı öhdəliyindən geri çəkilməyə çalışsa da, 2025-ci ildə əldə olunan Vaşinqton razılaşmaları ilə TRIPP layihəsinin, başqa sözlə, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində siyasi çərçivə formalaşıb. Artıq layihə üzrə praktiki işlərin başlanması Naxçıvanın yalnız blokadadan çıxması deyil, həm də Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm bağlantı mərkəzlərindən birinə çevrilməsi üçün real zəmin yaradır.
A.Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyevin səfər zamanı verdiyi əsas mesajlardan biri Naxçıvan dəmir yollarının yükgötürmə qabiliyyətinin artırılması ilə bağlıdır. Söhbət yükdaşıma imkanlarının 15 milyon tona çatdırılmasından gedir. Bu isə Naxçıvanın Orta Dəhlizin mühüm tranzit məntəqələrindən birinə çevrilməsinə imkan verəcək. “Naxçıvanın nəqliyyat imkanları yalnız Şərq-Qərb istiqaməti ilə məhdudlaşmayacaq. Muxtar respublika Şimal-Cənub və əks istiqamətdə həyata keçirilən daşımalar üçün də mühüm qovşaq rolunu oynaya bilər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas keçid nöqtələrindən biri kimi Naxçıvanın bu marşrut üzrə Fars körfəzinə çıxış imkanlarının genişlənməsində mühüm rolu olacaq. Bu o deməkdir ki, Naxçıvan Avropadan Çinə, eləcə də Rusiyadan Fars körfəzinə qədər uzanan marşrutların əsas nöqtələrindən birinə çevrilə bilər. Bu baxımdan muxtar respublikanın coğrafi mövqeyi artıq yalnız sərhəd və ya anklav xüsusiyyəti ilə deyil, onun yaratdığı tranzit imkanlarla qiymətləndiriləcək. Naxçıvanın gələcək strateji əhəmiyyətini artıran digər mühüm istiqamət enerji dəhlizi funksiyasıdır. Vaxtilə muxtar respublikanın elektrik enerjisi ilə təminatı əsas problemlərdən biri olsa da, həyata keçirilən layihələr nəticəsində bu sahədə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və hazırda enerji ixracı imkanları formalaşıb. Naxçıvan elektrik enerjisinin region ölkələrinə, gələcəkdə isə Avropa bazarlarına çıxarılmasında mühüm dəhliz rolunu oynaya bilər. Bu isə muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsindən daha geniş məna daşıyır və Naxçıvanı Azərbaycanın yaşıl enerji potensialının regional və beynəlxalq bazarlara çıxarılması baxımından strateji əraziyə çevirir”, – deyə siyasi şərhçi əlavə edib.
O vurğulayıb ki, bütün bu proseslər Naxçıvanın iqtisadi və geosiyasi rolunda fundamental dəyişiklik yaradır. Uzun illər blokada şəraitində yaşayan muxtar respublika artıq yeni nəqliyyat, enerji və kommunikasiya imkanları hesabına Avrasiyanın mühüm tranzit nöqtələrindən birinə çevrilmək mərhələsinə qədəm qoyur. Bütün bunlar ümumilikdə Azərbaycanın Avrasiyanın tranzit şəbəkəsində rolunu daha da gücləndirir. Naxçıvanın nəqliyyat və enerji imkanlarının genişlənməsi ölkəmizin Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsindəki mövqeyini möhkəmləndirir. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının bərpası yalnız ölkəmizin ərazi bütövlüyü baxımından deyil, həm də Azərbaycanın regional və qlobal nəqliyyat-logistika sistemində strateji çəkisinin artırılması baxımından mühüm nəticələr doğurur.

Müxbir - Səbinə Əlizadə

2026-08-14 18:34:00