×
A
A
A
Sazlamalar

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına (MR) səfəri, həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olması, enerji və nəqliyyat sektorunun inkişafı üçün əlavə 258 milyon manat vəsait ayırması təsadüfi xarakter daşımır. Naxçıvan Azərbaycanın siyasi və geostrateji baxımdan mühüm ərazilərindən biridir. Azərbaycanın əsas ərazisindən ayrı yerləşməsinə baxmayaraq, muxtar respublika ölkənin ərazi bütövlüyü, milli təhlükəsizliyi və regional siyasəti baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.
O bildirib ki, Naxçıvanın regionun iki böyük dövləti ilə sərhəddə yerləşməsi onun Azərbaycanın xarici siyasətində və regional əlaqələrində rolunu artırır. Xüsusilə Türkiyə ilə olan sərhəd Azərbaycanın bu müttəfiq ölkə ilə siyasi və strateji münasibətlərinin möhkəmlənməsində mühüm amildir. Naxçıvan ölkəmizin Türkiyəyə və oradan da Avropaya çıxışını təmin edən bir ərazidir, Azərbaycan üçün mühüm iqtisadi və diplomatik əlaqə imkanları yaradır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev Naxçıvanda bütün sahələrin inkişafına diqqət ayırır. Bunu səfər zamanı Prezidentin iş qrafikində də görmək olardı. Dövlətimizin başçısı nəqliyyat, tikinti, energetika sahələri ilə yanaşı, Möminə xatun abidəsinin rekonstruksiyası ilə də tanış olaraq mədəniyyət sahəsini diqqətdə saxladığını nümayiş etdirdi.
“Naxçıvan, həmçinin Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Muxtar respublikanın siyasi statusu və Azərbaycanla konstitusion bağlılığı onun ölkənin suverenliyinin mühüm tərkib hissəsi olduğunu göstərir. Bu baxımdan Naxçıvanın təhlükəsizliyi və sabitliyi Azərbaycanın ümumi milli maraqları ilə birbaşa əlaqəlidir. Dövlət başçısının Naxçıvanın idarəetmə formasında dəyişiklik edərək səlahiyyətli nümayəndə təyin etməsi də təsadüfi xarakter daşımır. Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir. Onun əlverişli coğrafi mövqeyi Azərbaycan üçün həm regional əməkdaşlıq, həm də strateji əlaqələrin inkişafı baxımından mühüm imkanlar yaradır”, - deyən deputat vurğulayıb.

2026-08-14 17:50:00