×
A
A
A
Sazlamalar

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri təkcə bölgədə görülən işlərin yerində izlənməsi ilə məhdudlaşmır. Bu səfər, əslində, Naxçıvanın Azərbaycanın ümumi inkişaf konsepsiyasında tutduğu mühüm mövqeyi bir daha ortaya qoyur. Dövlət başçısının bölgələrə mütəmadi səfərləri artıq ölkənin idarəçilik modelinin ayrılmaz xüsusiyyətinə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.
O qeyd edib ki, hər bir səfər zamanı həyata keçirilən layihələrin gedişatı qiymətləndirilir, qarşıdakı hədəflər müəyyənləşdirilir və insanların gündəlik həyatına təsir edən məsələlər diqqət mərkəzində saxlanılır. Bu baxımdan Prezidentin regionlara səfərləri sadəcə ənənəvi işgüzar görüşlər deyil, dövlət siyasətinin real nəticələrinin dəyərləndirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün praktik mexanizm kimi çıxış edir. Bu diqqət və qayğının nəticəsində tarixi abidələrin bərpası, yeni turizm marşrutlarının yaradılması və şəhərsalma işləri Naxçıvanı həm daxili, həm də xarici turistlər üçün cəlbedici məkana çevirir. Abadlıq və quruculuq işləri yalnız estetik deyil, həm də iqtisadi dəyər yaradır, sahibkarlıq və xidmət sektorunun inkişafına da xüsusi təkan vermiş olur.
“Hər birimizin bildiyi kimi uzun illər blokada şəraitində yaşamış Naxçıvan bu gün artıq Cənubi Qafqazın ən mühüm geosiyasi mərkəzlərindən birinə çevrilməkdədir. Regionun yeni statusu təkcə iqtisadi layihələrlə deyil, həm də diplomatik və strateji baxışlarla möhkəmləndirilir. Zəngəzur dəhlizi və müasir dəmir yolu layihələri Naxçıvanı Avrasiya ticarət marşrutlarının ayrılmaz halqasına çevirir. Bu, Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, Cənubi Qafqazda yeni kommunikasiya xəritəsinin formalaşmasına xidmət edir. Digər tərəfdən Naxçıvanın Türkiyə və İranla birbaşa sərhəddə yerləşməsi onu böyük tranzit mərkəzinə çevirir. Bu mövqe regionun iqtisadi inteqrasiyasını sürətləndirir, ölkəmizin beynəlxalq ticarət əlaqələrini genişləndirir”, - deyə politoloq əlavə edib.
A.Tağıyev deyib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında qurulan davamlı nəqliyyat əlaqələri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin vahid sistemdə inteqrasiyasını təmin edir. Bu təşəbbüs yalnız Cənubi Qafqazın iqtisadi həyatına yeni dinamika gətirmir, eyni zamanda, Avrasiya qitəsində ticarət yollarının strateji xəritəsini yenidən formalaşdırır. Naxçıvan bu prosesdə beynəlxalq miqyasda logistika mərkəzinə çevrilmək üçün real imkanlar qazanır. Prezident İlham Əliyevin Naxçıvanla bağlı müəyyənləşdirdiyi bu strateji xətt Azərbaycanın gələcək iqtisadi gücünü möhkəmləndirəcək, regional mövqeyini daha da artıracaq və ölkənin uzunmüddətli geosiyasi maraqlarına xidmət edəcək. Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız görülmüş işlərin təqdimatı ilə məhdudlaşmır, bu səfər, eyni zamanda, bölgənin gələcək inkişaf istiqamətlərinə dair strateji baxışın ifadəsidir. Dövlət başçısının ortaya qoyduğu konsepsiya Naxçıvanı hərbi güc baxımından etibarlı müdafiə qalasına çevirməklə yanaşı, onu regional və beynəlxalq miqyasda mühüm logistika qovşağına transformasiya etməyi hədəfləyir: “Paralel şəkildə, muxtar respublikanın yaşıl enerji zonası statusu Naxçıvanı enerji təhlükəsizliyi və ekoloji dayanıqlılıq baxımından yeni mərhələyə çıxarır. Beləliklə, Naxçıvanın inkişafı Azərbaycanın regional siyasətində prioritet istiqamət kimi formalaşır, ölkənin uzunmüddətli geoiqtisadi maraqlarını təmin edən əsas sütunlardan birinə çevrilir. Bu yanaşma həm daxili sabitlik və sosial rifahı möhkəmləndirir, həm də Azərbaycanın Avrasiya məkanında artan nüfuzunu və strateji mövqeyini daha da gücləndirir”.

2026-08-14 16:00:00