


İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun
London, 10 avqust, AZƏRTAC
Böyük Britaniyada təhsil almış Məhəmməd Ağamirzəyev hazırda İngiltərədə texnologiya sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Dövlət Proqramı çərçivəsində Birminqem Universitetində kimya mühəndisliyi üzrə bakalavriat, London İmperial Kollecində isə dayanıqlı enerji üzrə magistratura təhsili alan M.Ağamirzəyev bir neçə il bp şirkətində çalışdıqdan sonra 2025-ci ildə “Robotize Ltd” texnologiya şirkətini təsis edib.
Şirkət kiçik və orta bizneslər üçün rəqəmsal transformasiya, texnoloji infrastrukturun təkmilləşdirilməsi və süni intellekt həllərinin biznes proseslərinə inteqrasiyası istiqamətində fəaliyyət göstərir.
M.Ağamirzəyev AZƏRTAC-a müsahibəsində təhsil və karyera yolundan, sahibkarlıq fəaliyyətindən, süni intellektin gələcəyindən, eləcə də Azərbaycan və Böyük Britaniyanın startap ekosistemlərindən danışıb.
– Təhsil və karyera yolunuz necə başlayıb?
– Dövlət Proqramı çərçivəsində Birminqem Universitetində kimya mühəndisliyi üzrə bakalavriat təhsili almışam. Təhsilimi fərqlənmə ilə başa vurduqdan sonra Azərbaycana qayıdaraq bp şirkətində analitik-məsləhətçi kimi fəaliyyətə başladım.
Daha sonra akademik biliklərimi artırmaq məqsədilə 2023-cü ildə London İmperial Kollecində dayanıqlı enerji üzrə magistratura proqramına qəbul oldum. Magistratura təhsilimi də fərqlənmə ilə başa vuraraq bp-dəki vəzifəmə qayıtdım.
Lakin sahibkarlığa və innovasiyalara marağım məni öz biznesimi qurmağa yönəltdi. 2025-ci ilin aprelində İngiltərədə “Robotize Ltd” şirkətini təsis etdim.
– “Robotize Ltd” hansı problemləri həll edir?
– Şirkətimizin əsas missiyası “rəqəmsal uçurumu” aradan qaldırmaq və texnoloji transformasiyanı kiçik və orta bizneslər üçün əlçatan etməkdir. İri korporasiyalar rəqəmsallaşmaya böyük vəsait ayıra bildiyi halda, KOB-ların imkanları daha məhduddur. Biz onlara nəticəyə əsaslanan və daha çevik xidmət modeli təklif edirik.
Hazırda əsas fəaliyyətimiz rəqəmsal transformasiya üzrə konsaltinqdir. Bununla yanaşı, Ar-Ge işləri aparır, yeni texnoloji layihələri sınaqdan keçiririk. Hazırda üç daxili layihəmiz test mərhələsindədir. Gələcək məqsədimiz bu layihələr əsasında texnologiyayönümlü məhsullar və startaplar yaratmaqdır.
– Gənc sahibkarlara nə məsləhət görərdiniz?
– İlk növbədə, sahibkar olmaq istəyinin əsl səbəbini müəyyənləşdirmək lazımdır. Uğurlu biznesin əsasında şöhrət deyil, yaradılan dəyərə bağlılıq dayanır. Məqsəd müəyyənləşdikdən sonra isə vaxt itirmədən hərəkətə keçmək vacibdir. Gənclərin tez-tez düşdüyü tələlərdən biri “analiz iflici” və mükəmməlliyyətçilikdir. Hər şeyi əvvəlcədən mükəmməl planlaşdırmaq əvəzinə, real problemlərlə qarşılaşaraq onları həll etmək daha öyrədicidir.
– Şirkətinizin qarşıdakı illər üçün əsas hədəfləri nələrdir?
– İlk məqsədimiz güclü marka və etibar formalaşdırmaqdır. İstəyirik ki, gələcəkdə şirkətlər rəqəmsallaşma ehtiyacları ilə özləri bizə müraciət etsinlər. Digər hədəf layihələrin miqyasını artırmaq və şirkətlərlə uzunmüddətli transformasiya proqramları həyata keçirməkdir.
Ən böyük məqsədlərimizdən biri isə məhsul yaratmaqdır. Növbəti üç il ərzində daxili layihələrimizdən ən azı birini qlobal bazara çıxarmaq istəyirik.
– Süni intellekt hazırda hansı sahələrdə daha böyük dəyişiklik yaradır?
– Süni intellekt həm gündəlik həyatda, həm də biznesdə ciddi dəyişikliklər yaradır. Təhsil, məlumat analitikası, hesabatların hazırlanması, məlumatların emalı kimi sahələrdə rutin proseslər sürətlə avtomatlaşdırılır. Daha fundamental dəyişikliklərdən biri isə süni intellektlə kvant kompüterlərinin mümkün sinerjisidir. Bu texnologiyaların inkişafı mürəkkəb hesablamaların və elmi problemlərin həllini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
– Süni intellekt insanları işsiz qoyacaqmı?
– Süni intellekt müəyyən peşələri və iş yerlərini əvəz edə bilər. Eyni zamanda, məhsuldarlığı artıracaq və yeni imkanlar yaradacaq. Gələcəkdə şirkətlər süni intellektin gördüyü işi təkrarlayan deyil, onu idarə edən və tənqidi düşünə bilən mütəxəssislərə üstünlük verəcəklər. Ona görə gənclərə tövsiyəm budur: süni intellekti dərindən öyrənin, ondan istifadə etməyi bacarın, amma özünüzü inkişaf etdirərkən ondan asılı vəziyyətə düşməyin. Texnologiyanın əvəz edəcəyi kadr yox, texnologiyanı idarə edən mütəxəssis olun.
– Böyük Britaniyada süni intellekt startapları üçün biznes mühiti necədir?
– ABŞ ilə müqayisədə Böyük Britaniya və Avropada süni intellekt startaplarının maliyyələşmə imkanları daha məhduddur. Vençur kapitalı ekosistemi daha mühafizəkardır. Buna görə bir sıra perspektivli startaplar Böyük Britaniyada fəaliyyətə başlasalar da, böyük investisiya əldə etdikdən sonra ABŞ-yə köçürlər. Digər problem yüksəkixtisaslı insan resurslarıdır. ABŞ-də daha yüksək gəlir əldə etmək imkanı Britaniyada “beyin axını” problemini gücləndirir.
– Azərbaycanın süni intellekt ekosistemini necə qiymətləndirirsiniz?
– Azərbaycan hazırda aktiv və ümidverici inkişaf mərhələsindədir. Dövlətin rəqəmsallaşma siyasəti, məlumatların inteqrasiyası, Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiqlənməsi mühüm addımlardır.
Azərbaycan bazarının miqyası beynəlxalq investorlar üçün müəyyən məhdudiyyətlər yaratsa da, dövlət dəstəyi mühüm üstünlükdür. Eyni zamanda, “beyin axını” probleminə diqqət yetirmək lazımdır. Rəqabətqabiliyyətli mütəxəssisləri ölkədə saxlamaq üçün qlobal maliyyə standartlarına və əmək bazarındakı dəyər təkliflərinə yaxınlaşmaq vacibdir.
– Azərbaycanlı gənclər beynəlxalq uğur qazanmaq üçün nə etməlidirlər?
– Qlobal uğurun yolu problemi müəyyənləşdirmək, süni intellektəsaslı həll yaratmaq, onu Azərbaycan bazarında sınaqdan keçirmək və daha sonra qlobal bazara çıxarmaqdan keçir. Bunun üçün psixoloji dayanıqlılıq, inadkarlıq və problemlərə çevik yanaşmaq bacarığı vacibdir. Sadəcə süni intellekt istifadəçisi olmaq kifayət deyil. Onun məntiqini və iş prinsipini dərindən öyrənmək, qlobal trendləri izləmək lazımdır.
– Gələcəkdə Azərbaycanda layihələr həyata keçirməyi planlaşdırırsınızmı?
– Bəli. Azərbaycanda formalaşan rəqəmsal infrastruktur və dövlət dəstəyini nəzərə alaraq, uyğun süni intellekt və startap layihələrimizin ilk sınaq və təqdimat mərkəzini Azərbaycanda yaratmaq niyyətindəyəm. Məqsədim Azərbaycanda yaradılan və yerli ekosistemdə inkişaf edən texnoloji məhsulların beynəlxalq bazara çıxarılması ənənəsinə töhfə verməkdir.
– Yaxın beş ildə süni intellekt sahəsində hansı yenilikləri gözləyirsiniz?
– Yaxın illərdə insan və süni intellekt arasında əməkdaşlığın daha da dərinləşəcəyini düşünürəm. Komandaların tərkibində “Sİ həmkarlarının” olması adi hala çevrilə bilər. Digər mühüm istiqamət hüquqi tənzimləmə və müəllif hüquqlarının qorunmasıdır. Məlumatlardan istifadənin daha ciddi şəkildə lisenziyalaşdırılacağını gözləyirəm. Bundan başqa, ağıllı eynəklər, üzüklər və digər süni intellektəsaslı cihazların geniş yayılması, internetin isə ənənəvi formasını dəyişməsi mümkündür.
Əsas ümidim budur ki, süni intellekt yalnız kommersiya məqsədləri üçün deyil, insanların rifahının yüksəldilməsi üçün istifadə olunacaq.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir