


HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram
Bakı, 10 avqust, AZƏRTAC
Bu il ADA Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavriat təhsilini ümumi orta müvəffəqiyyət göstəricisi 90 bal olmaqla başa vuran Rəvan Mehralıyev Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çinin Çjetszyan Universitetində kiberməkan təhlükəsizliyi ixtisası üzrə magistratura təhsili alacaq. O, bu günə qədər “Ernst & Young” şirkətində IT konsaltinqi, SOCAR-da isə informasiya təhlükəsizliyi, habelə idarəetmə riski və uyğunluq istiqamətində təcrübə qazanıb. Rəvan Mehralıyev AZƏRTAC-a müsahibəsində Çində təhsil almaq qərarı, qəbul prosesi, kibertəhlükəsizlik sahəsində hədəfləri və planlarından danışıb.
– Təqaüd proqramı haqqında necə məlumat əldə etdiniz və müraciət etməyə sizi nə həvəsləndirdi?
– Bu təqaüd proqramı haqqında ilk dəfə sosial şəbəkələrdə yayımlanan elanlardan xəbər tutdum. Daha sonra müxtəlif universitetləri araşdırmağa başladım. Mənim üçün əsas meyar magistratura səviyyəsində kibertəhlükəsizlik proqramının olması, tədrisin ingilis dilində aparılması, universitetin akademik nüfuzu və tədqiqat imkanları idi. Bu araşdırmalar nəticəsində Çjetszyan Universiteti mənim üçün ən uyğun seçimə çevrildi.
Bununla yanaşı, Böyük Britaniyanın Edinburq, Bristol və Qlazqo universitetlərindən də qəbul təklifi almışdım. Mənim üçün əsas məsələ harada təhsil almaq deyil, məqsədlərimə ən uyğun universiteti seçmək idi. Araşdırmaların sonunda isə Çjetszyan Universitetinin mənə daha çox imkan yaradacağı qənaətinə gəldim.
– Seçim prosesi necə keçdi? Sizin üçün ən çətin mərhələ hansı oldu?
– Müraciət prosesində ən çətin, eyni zamanda, ən maraqlı mərhələ mənimlə işləyəcək professoru tapmaq idi. Çində magistratura təhsilində elmi-tədqiqat mühüm yer tutur və müraciətin tamamlanması üçün əvvəlcə uyğun professorun razılığını almaq tələb olunur.
Əvvəlcə universitetə müraciət etsəm də, yanlış ünvana yazdığım bildirildi. Bundan sonra özüm araşdırma aparmağa başladım. Maraq dairəmə uyğun professorları müəyyənləşdirərək 20-dən çox müəllimə məktub göndərdim. Bu proses Çin Yeni ili dövrünə təsadüf etdiyindən uzun müddət cavab ala bilmədim. Müraciət üçün son tarix yaxınlaşdıqca narahatlıq artsa da, bunu uğursuzluq kimi qəbul etmirdim. Düşünürdüm ki, edə biləcəyim ən doğru addım axtarışı davam etdirməkdir.
Nəhayət, ilk müsbət cavabı professor Zhangdan aldım. O, CV və motivasiya məktubumu nəzərdən keçirdikdən sonra mənimlə işləməyə maraqlı olduğunu bildirdi. Daha sonra təxminən bir saat davam edən müsahibəmiz oldu. Professor öz tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verdi və gördüm ki, maraq dairələrimiz üst-üstə düşür.
Məni ən çox təsirləndirən isə onun səmimiyyəti oldu. Söhbətimiz təkcə akademik mövzularla məhdudlaşmadı. O, mənə Çin haqqında danışdı, mən isə Azərbaycan barədə məlumat verdim. Professor Zhangın həm peşəkar, həm də çox sadə və ünsiyyətcil olması məndə xoş təəssürat yaratdı. Sonda onun müsbət qərarı ilə müraciət prosesinin növbəti mərhələsinə keçə bildim.

– Çində təhsil almağı seçməyinizin əsas səbəbi nədir?
– Çjetszyan Universitetində kiberməkan təhlükəsizliyi üzrə magistr proqramına qəbul olunmuşam. Universitet seçimində mənim üçün ən vacib meyar proqramın maraq dairəmə uyğun olması idi. Bakalavriat təhsili dövründə kibertəhlükəsizliyə xüsusi maraq göstərməyə başlamışdım və magistratura səviyyəsində bu sahədə daha dərin biliklər qazanmaq istəyirəm. Çjetszyan Universitetinin güclü akademik mühiti, geniş tədqiqat imkanları və bu sahədəki nüfuzu seçimimdə əsas rol oynadı. Müraciət prosesi zamanı tanış olduğum professor Zhang da qərarıma təsir edən amillərdən biri oldu. Onun tədqiqat istiqamətləri mənim maraqlarımla üst-üstə düşürdü və müraciət müddətində göstərdiyi dəstək məndə universitet haqqında daha müsbət təəssürat yaratdı. Buna görə də seçimim təkcə universitetin beynəlxalq reytinqinə deyil, həm də mənim üçün uyğun akademik mühitin mövcudluğuna əsaslanırdı.
Çində təhsil almaq qərarımın əsas səbəbi isə ölkənin texnologiya sahəsində əldə etdiyi sürətli inkişafdır. Kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal infrastruktur istiqamətlərində Çin dünyanın aparıcı ölkələrindən biridir. Mən bu inkişafı yalnız uzaqdan izləmək deyil, həmin mühitin bir parçası olmaq, yeni texnologiyaların formalaşdığı ekosistemdə təhsil almaq istəyirəm.
Bundan əlavə, Çində magistratura təhsilinin üç il davam etməsini üstünlük hesab edirəm. Bu müddət ərzində yalnız peşəkar biliklərimi inkişaf etdirmək deyil, həm də ölkənin dilini, mədəniyyətini və gündəlik həyatını yaxından tanımaq imkanı əldə edəcəyəm.
Azərbaycanda xaricdə təhsil deyildikdə daha çox Avropa universitetləri yada düşür. Mən isə fərqli istiqamət seçərək Çini yaxından tanımaq və burada qazandığım bilik və təcrübəni gələcəkdə ölkəmin inkişafına töhfə vermək üçün istifadə etmək istəyirəm. Bu seçim mənim üçün sadəcə xaricdə təhsil almaq deyil, həm də yeni akademik və mədəni mühitdə özümü inkişaf etdirmək imkanıdır.
– Təhsil alacağınız ixtisasın Azərbaycanda hansı sahələrin inkişafına töhfə verəcəyini düşünürsünüz?
– Hesab edirəm ki, kibertəhlükəsizlik yaxın illərdə Azərbaycanda strateji əhəmiyyət daşıyan sahələrdən birinə çevriləcək. Rəqəmsallaşma sürətləndikcə dövlət qurumlarının, şirkətlərin və infrastrukturun təhlükəsizliyinin təmin edilməsi daha da vacib olacaq. Məqsədim Çində əldə edəcəyim bilik və təcrübəni Azərbaycanda tətbiq edərək daha təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına töhfə verməkdir. Xüsusilə süni intellekt və kibertəhlükəsizliyin kəsişdiyi istiqamət mənə maraqlıdır. Düşünürəm ki, bu sahədə qazanacağım təcrübə ölkəmizdə rəqəmsal transformasiyanın inkişafına faydalı ola bilər.
– Çində təhsil müddətində qarşıya qoyduğunuz məqsəd nədən ibarətdir?
– Əsas məqsədim kibertəhlükəsizlik sahəsində həm akademik, həm də praktiki biliklərimi daha da inkişaf etdirməkdir. Magistratura dövründə xüsusilə süni intellekt və kibertəhlükəsizliyin kəsişdiyi mövzular üzrə tədqiqat aparmaq, eləcə də “Red Team” istiqamətində praktiki bacarıqlarımı artırmaq istəyirəm. Üç ilin sonunda Azərbaycana yalnız magistr diplomu ilə deyil, real tədqiqat və praktiki təcrübəyə malik mütəxəssis kimi qayıtmağı planlaşdırıram. Sonrakı mərhələdə isə istər tədqiqat sahəsində, istərsə də dövlət sektorunda kibertəhlükəsizlik üzrə fəaliyyət göstərməyi düşünürəm. Hansı yolu seçməyimdən asılı olmayaraq, məqsədim həm də innovativ həllər təklif edən, həm də qazandığı bilik və təcrübəni başqaları ilə bölüşən və çalışdığı mühitə dəyər qatan bir mütəxəssis kimi formalaşmaqdır.
– Xaricdə təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?
– İlk növbədə, özlərini əvvəlcədən məhdudlaşdırmasınlar və uğursuzluq ehtimalından çəkinməsinlər. Xaricdə təhsil üçün hazırlığa erkən başlamaq, akademik göstəriciləri yüksək saxlamaq, müəllimlərlə əlaqələr qurmaq, təcrübə qazanmaq və şəxsi layihələr üzərində işləmək çox önəmlidir.
Ən vacibi isə cəhd etməkdən çəkinməməkdir. Bəzən bir müraciət və ya bir məktub insanın həyatını dəyişə bilər. Nəticəni əvvəlcədən düşünərək özünüzə sərhəd qoymayın, bütün imkanları araşdırın və qarşınıza çıxan fürsətləri dəyərləndirin. Çünki böyük uğurlar çox vaxt vaxtında atılan kiçik addımlarla başlayır.
Müxbir - Nərmin Muradzadə
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir