×
A
A
A
Sazlamalar

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycan dilinin milli kimliyimiz, tarixi yaddaşımız və mədəni irsimizin ən mühüm daşıyıcısı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin dövlət dili kimi möhkəmlənməsinə, qorunmasına və inkişafına daim diqqətlə yanaşıb və bu siyasət bu gün ardıcıl şəkildə davam edir: "Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır və dövlətimizin başçısı ana dilimizi “toxunulmaz sərvətimiz” adlandıraraq onun xarici təsirlərdən qorunmasının və saflığının mühafizə edilməsinin vacibliyini hər zaman vurğulayır. Ölkə başçısının 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı dilimizin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olması ilə bağlı çox önəmli bir çağırışı oldu. Düşünürəm ki, elə həmin çağırış bu tədbirin əsas mesajı olmalıdır".
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyevanın sözlərinə görə, xarici dil elementlərinin nizamsız şəkildə istifadəsi, sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması və ünsiyyət mədəniyyətində müşahidə olunan meyillər elmi yanaşma tələb edir. Bu baxımdan elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti Azərbaycan ədəbi dilinin qorunmasının əsas təminatıdır: "Dövlət dili yalnız hüquqi statusla deyil, həm də gündəlik istifadədə yüksək mədəniyyət nümunəsi ilə yaşayır. Dilimizi yaşatmaq üçün onu düzgün danışmaq, yazmaq və elmi əsaslarla inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həm də ictimai məsuliyyətdir, peşə etikasıdır, milli mədəniyyətin qorunmasına töhfədir".
Konfrans panel sessiya ilə davam edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Uşaq və gənclərdə ana dilinə sevginin formalaşdırılmasında təhsilin rolu”, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnsitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunmasında monitorinq mexanizmləri”, Xalq artisti Nurəddin Mehdixanlı “Ana dili – Milli kimliyin və mədəni irsin əsas sütunu”, ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının təsisçi direktoru, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva “Medianın Azərbaycan dilinin saflığının qorunmasında rolu” mövzusunda çıxışlar ediblər.
Tədbir müzakirələrlə davam edib.
Konfrans zamanı, həmçinin “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin üzvü Nuray Şahsuvarlı Bəxtiyar Vahabzadənin "Ana dili" şeirini səsləndirib.

Müxbirlər - Göyçək Mahmudlu, Tünzalə Zeyvəliyeva
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Taqiyev

Cəmiyyət 2026-08-07 19:28:00

Video