×
A
A
A
Sazlamalar

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

Bakı, 7 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da, onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.
Araşdırma zamanı müəyyənləşdirilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Belə qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyənləşdirilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir”, - deyə məlumatda vurğulanıb.

 

Cəmiyyət 2026-08-07 17:58:00