×
A
A
A
Sazlamalar

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Bakı, 7 avqust, AZƏRTAC

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsi barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib.
Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Müxbir - Rəşad Türkoğlu

 

Regionlar 2026-08-07 18:59:00