×
A
A
A
Sazlamalar

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
AQTA-nın Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilova bildirib ki, monitorinqlər zamanı bəzi kəsim məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti sahəsində qüvvədə olan texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Onun sözlərinə görə, aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara qısa müddət ərzində zəruri tədbirlərin görülməsi və görülmüş işlərin nəticələri barədə Agentliyə məlumat təqdim edilməsi tapşırılıb.
O, həmçinin qeyd edib ki, ölkədə kənd təsərrüfatı, heyvandarlıq və qida təhlükəsizliyi sahəsində aparılan islahatlar çərçivəsində heyvanların identifikasiyası prioritet istiqamətlərdən biridir. Ülviyyə Cəlilova vurğulayıb ki, hər bir heyvana unikal identifikasiya nömrəsinin verilməsi və məlumatların vahid informasiya sistemində qeydiyyata alınması yoluxucu heyvan xəstəliklərinin erkən aşkarlanmasına, onların yayılmasının qarşısının alınmasına və baytarlıq tədbirlərinin daha səmərəli planlaşdırılmasına geniş imkan yaradır.

Cəmiyyət 2026-08-07 17:44:00