


Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
Bakı, 7 avqust, AZƏRTAC
Hər bir ailədə qorunub saxlanılan fotoşəkillər, məktublar, gündəliklər və digər şəxsi sənədlər təkcə ailənin tarixini deyil, bütövlükdə ölkənin tarixi yaddaşını əks etdirən qiymətli mənbələrdir. Bu materiallar vasitəsilə insanların gündəlik həyatı, məişəti, adət-ənənələri, ailə münasibətləri və yaşadıqları dövrün sosial-mədəni mənzərəsini daha dolğun öyrənmək mümkündür.
Bunu AZƏRTAC-a açıqlamasında tarix elmləri doktoru, dosent Toğrul Xəlilov bildirib.
Onun sözlərinə görə, ailə arxivlərində qorunan fotoşəkillər, məktublar və gündəliklər insanların gündəlik həyatı, qohumluq münasibətləri, milli adət-ənənələr, geyim mədəniyyəti, yaşayış tərzi, eləcə də müharibələr, köçlər və digər tarixi hadisələrin cəmiyyətə təsiri barədə mühüm məlumatlar təqdim edir.
“Rəsmi sənədlərdə əks olunmayan bir çox hadisələr və şəxsi təcrübələr məhz ailə arxivlərində qorunub saxlanılır”, – deyə Toğrul Xəlilov bildirib.
O qeyd edib ki, məktublar, gündəliklər və xatirələr müəlliflərin şəxsi baxışlarını, hisslərini və düşüncələrini əks etdirdiyindən tarixçilər bu məlumatları digər tarixi mənbələrlə müqayisə edərək, elmi cəhətdən yoxlayırlar. Bu baxımdan ailə arxivləri rəsmi sənədləri tamamlayan və keçmişi daha canlı şəkildə öyrənməyə imkan verən qiymətli tarixi mənbələrdir.
Tarixçinin sözlərinə görə, şəxsi ailə arxivləri ölkənin tarixi yaddaşının qorunmasında mühüm rol oynayır və milli tariximizin daha dolğun, obyektiv öyrənilməsinə xidmət edir.
“Demək olar ki, hər bir ailə ölkə tarixinin bir hissəsini qoruyur. Çünki ailə dövlətin kiçik modelidir. Hər bir ailənin yaşadığı hadisələr, qoruyub saxladığı sənədlər və xatirələr ümumi milli tarixin ayrılmaz tərkib hissəsidir. Minlərlə ailənin şəxsi arxivləri birlikdə xalqın və dövlətin tarixi yaddaşını formalaşdırır və gələcək nəsillərə ötürür”, – deyə o vurğulayıb.
Toğrul Xəlilov hesab edir ki, ailə arxivlərinin qorunması ölkənin tarixi-mədəni irsinin mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gələcək nəsillər üçün ailə irsinin qorunması ilə bağlı tövsiyələrini bölüşən alim bildirib ki, köhnə fotoşəkillər, məktublar və digər qiymətli sənədlər nəmdən, günəş işığından və fiziki zədələrdən qorunmalıdır. Eyni zamanda, onların yüksək keyfiyyətlə rəqəmsallaşdırılması, elektron nüsxələrinin müxtəlif daşıyıcılarda və bulud sistemlərində saxlanılması məqsədəuyğundur.
O, həmçinin hər bir fotoşəkil və sənəd haqqında tarix, məkan, şəkildə əks olunan şəxslər və hadisə barədə qısa məlumatın qeyd edilməsinin gələcəkdə həmin materialların tarixi dəyərini artıracağını bildirib.
Tarixçinin fikrincə, yaşlı nəslin xatirələrinin yazılı, səs və ya video formatında qeydə alınaraq gənc nəsillərə ötürülməsi ailə tarixinin unudulmamasına, milli tarixi yaddaşın qorunmasına və zəngin irsin gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Müəllif- Lalə Minasazova
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır
Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır