×
A
A
A
Sazlamalar

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Respublikası Kino Agentliyinin səfər qrantları və maliyyə dəstəyi kino mütəxəssisləri üçün böyük əhəmiyyət daşıyır. Çünki beynəlxalq festivallarda iştirak etmək kifayət qədər böyük maliyyə vəsaiti tələb edir.
Bunu AZƏRTAC-a açıqlamasında “Xatırladığını eşit” filminin ssenari müəllifi, rejissor Türkan Hüseyn deyib. O bildirib ki, gənc kinematoqrafçılar üçün beynəlxalq mühitə çıxışda xarici dil bilikləri mühüm rol oynayır: “Gənc kinematoqrafçılara hər zaman tövsiyə edirəm ki, mütləq xarici dil öyrənsinlər. Çox yaxşı film çəkə bilərsiniz, amma layihənizi təqdim edə, fikirlərinizi beynəlxalq tərəfdaşlara çatdıra bilmirsinizsə, həmin mühitə daxil olmaq çətinləşir”.
Onun sözlərinə görə, prodüserlərlə əlaqə qurmaq, beynəlxalq proqramlara müraciət hazırlamaq və pitçinq sessiyalarında iştirak etmək üçün dil biliyi vacib şərtlərdən biridir.
Filmləri barədə danışan Türkan Hüseyn bildirib ki, bu il üç ekran işini tamamlayıb: “Kapitan və Xəzər dənizi” filminin dünya premyerası Sarayevo Film Festivalında keçiriləcək. İlk tammetrajlı bədii filmim olan “Ölü Həsən” artıq tamamlanıb və hazırda premyerasını gözləyirik. Qusarda çəkdiyim qısametrajlı sənədli film “Külək bura gəlmir” isə son rəng korreksiyası mərhələsindədir”.
Qeyd edək ki, “Xatırladığını eşit” filminin ssenari müəllifi Türkan Hüseyn, prodüseri Emil Nəcəfov, ko-prodüserləri isə Kəmalə İsrafilova və Türkiyədən “Parda Film” şirkətinin nümayəndəsi Fəxriyyə İsmayılovadır.

Mədəniyyət 2026-08-07 15:35:00