×
A
A
A
Sazlamalar

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Tbilisi, 7 avqust, AZƏRTAC

Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı fotojurnalist Şahvələd Ayvazovun arxivindəki materiallardan ibarət kitab-albom işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab-albom Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Jurnalistlər Federasiyasının birgə layihəsi çərçivəsində hazırlanıb. Gürcü və ingilis dillərində nəşr olunan kitab-albomda fotojurnalistin bir neçə onillik peşəkar fəaliyyəti ərzində çəkdiyi unikal kadrlar toplanıb. Nəşrdə 1989-cu il aprelin 9-da Tbilisidə baş vermiş etiraz aksiyaları, Çeçenistan müharibəsi, Birinci Qarabağ müharibəsi, eləcə də Gürcüstanın müxtəlif bölgələrində baş vermiş münaqişələr və ictimai-siyasi hadisələr əks olunub.
Kitab-albom “CEZANNE” mətbəəsində “Creative Georgia”nın dəstəyi ilə çap edilib. Layihənin müəllifi və rəhbəri Qiorqi Mamatsaşvilidir. Qeyd edək ki, Şahvələd Ayvazov 1956-cı il iyunun 26-da Tbilisidə anadan olub. O, fotoqrafiyaya hələ məktəb illərində, yeddinci sinifdə oxuyarkən başlayıb.
Ş.Ayvazov AZƏRTAC-a müsahibəsində o illəri belə xatırlayır: “İlk dəfə “Smena” markalı fotoaparatla ilk kadrlarımı çəkdim. Çəkdiyim fotolardan məktəbdə və digər yerlərdə istifadə olunurdu. Bundan sonra jurnalistikaya marağım artmağa başladı. Bu istəklə mən Tbilisi Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olundum. Universiteti bitirdikdən sonra isə “Sakinform” informasiya agentliyində fotomüxbir kimi peşəkar fəaliyyətə başladım. 1992-ci ildən bu günədək müxtəlif qəzet və jurnallarla, eləcə də nüfuzlu “Associated Press” beynəlxalq informasiya agentliyi ilə əməkdaşlıq edirəm”.
Hazırda Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli “Gürcüstan” qəzetində çalışan 70 yaşlı Şahvələd Ayvazov həm də gözəl müəllimdir. Onun sayəsində çoxsaylı soydaşımız jurnalistika və xüsusən də fotojurnalistika sahəsində çalışırlar. O, həmçinin müharibə və silahlı qüvvələr veteranı, Gürcüstan Jurnalistlər Federasiyasının İdarə Heyətinin üzvüdür. Fotojurnalist "Şərəf" ordeni, Aleksandr Roinaşvili adına diplom və Gürcüstan Müdafiə Nazirliyinin Qran-prisi ilə təltif olunub. Beynəlxalq fotomüsabiqələrin iştirakçısı və laureatı olan Ş.Ayvazov deyib: “Azərbaycanın da müxtəlif qəzet və jurnallarında, informasiya agentliklərində fotolarım dərc olunub. Azərbaycanda çoxlu dostlarım var. Onların sırasında AZƏRTAC-ın da fotomüxbirləri var. Düzdür, Yaşar Xəlilov, Oktay Aydınoğlu, Namiq və bəziləri dünyalarını dəyişiblər. Amma onların xatirəsi daim mənim qəlbimdə yaşayacaq”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2026-08-07 16:24:00