×
A
A
A
Sazlamalar

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan dili bizim milli kimliyimiz, tarixi yaddaşımız və mədəni irsimizin ən mühüm daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyev ana dilimizin dövlət dili kimi möhkəmlənməsinə, qorunmasına və inkişafına daim diqqətlə yanaşıb və bu siyasət bu gün ardıcıl şəkildə davam edir. Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır və dövlətimizin başçısı ana dilimizi “toxunulmaz sərvətimiz” adlandıraraq onun xarici təsirlərdən qorunmasının və saflığının mühafizə edilməsinin vacibliyini hər zaman vurğulayır. Ölkə başçısının 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olması ilə bağlı çox önəmli bir çağırışı oldu. Düşünürəm ki, elə həmin çağırış bu tədbirin əsas mesajı olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib.
"Əziz gənclər, biz hər birimiz bilirik ki, dilimizin gələcəyi məhz sizin dilinizdə yaşayacaq. “Mən öz doğma dilimi sevirəm” demək bu gün yetərli deyil, həmin istiqamətdə töhfənizin verilməsinə böyük ehtiyac var. Çünki bu gün inkişaf edən dünya, xüsusən də milli yanaşmalar qarşısında çağırışlar qoyur. Bizim borcumuzdur ki, bu proseslərdə dilimizin saflığını qoruyub saxlayaq. Əlbəttə, dili mühafizə edirik, lakin dil inkişaf etməlidir. Lakin dilimizin inkişafı deyəndə biz bunu daxili zənginliyin üzərində qurmalıyıq. Çox təəssüflə qeyd edim ki, xüsusən sosial şəbəkələrdə, öz dostlarımızla, yaxınlarımızla yazışmalarımızda sözləri qısaldaraq, yəni fikirləri çox qısa şəkildə çatdırmağa çalışırıq. Sonra bu, danışıq dilimizə inteqrasiya edir və öz təsirini göstərir. Ona görə də üzərimizə böyük bir məsuliyyət düşür. Bu gün Azərbaycan dili, əlbəttə ki, sadəcə bizim keçmişimizdən gələn bir miras deyil, gələcək nəsillərə ötürməli olduğumuz milli əmanətimizdir. Bu əmanət gənclərin əlində olacaq. Onu qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir", - deyə o diqqətə çatdırıb.

Müxbirlər - Göyçək Mahmudlu, Tünzalə Zeyvəliyeva
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Taqiyev

Cəmiyyət 2026-08-07 16:06:00

Video