×
A
A
A
Sazlamalar

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Bakı, 7 avqust, AZƏRTAC

Maliyyə bazarları ilə bağlı əsas problemlərdən biri əhalinin kifayət qədər məlumatlı olmamasıdır. Hazırda investisiya və treydinq sahəsində müxtəlif reklamlar yayımlanır, lakin bu reklamların böyük hissəsi əsasən potensial müştəriləri cəlb etməyə və depozit toplamağa yönəlib.
Maliyyə bazarları üzrə ekspert Azər Balamedov AZƏRTAC-a açıqlamasında bildirib ki, bazarda fəaliyyət göstərən bəzi broker və investisiya şirkətləri müəyyən xidmətlər təqdim etsələr də, əhalinin bu sahədə düzgün məlumatlandırılması istiqamətində görülən işlər kifayət qədər deyil.
“İnvestisiya fəaliyyətinə başlamazdan əvvəl insanların maliyyə alətləri, risklər, bazar prinsipləri və mümkün itkilər barədə geniş biliklərə sahib olması vacibdir. Maliyyə bazarlarında gəlir əldə etmək peşəkar yanaşma, ciddi hazırlıq və davamlı öyrənmə tələb edir. Bu sahəyə kifayət qədər bilik olmadan, yalnız reklamların təsiri ilə qoşulmaq insanların maliyyə itkiləri ilə üzləşməsinə səbəb ola bilər. Maliyyə savadlılığının artırılması istiqamətində daha geniş və sistemli maarifləndirmə proqramlarına ehtiyac var. Universitetlərdə maliyyə bazarları, investisiya və şəxsi maliyyənin idarə olunması ilə bağlı xüsusi fənlərin tədrisi mühüm əhəmiyyət daşıyır. Maliyyə savadlılığının yüksəldilməsi həm fərdi investorların qorunmasına, həm də investisiya mədəniyyətinin formalaşmasına kömək edə bilər”, - deyə maliyyə bazarları üzrə ekspert vurğulayıb.

İqtisadiyyat 2026-08-07 15:22:00