


Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ
Bakı, 7 avqust, AZƏRTAC
Süni intellekt, böyük verilənlər və coğrafi informasiya sistemlərinin (GIS) inteqrasiyası dövlət idarəçiliyindən şəhərsalmaya, iqlim monitorinqindən infrastrukturun planlaşdırılmasına qədər bir çox sahədə yeni imkanlar yaradır. Bu transformasiyanın əsas müzakirə platformalarından biri sayılan “Esri İstifadəçi Konfransı” (“Esri User Conference”) hər il dünyanın müxtəlif ölkələrindən minlərlə GIS mütəxəssisini, dövlət qurumlarının nümayəndələrini və texnologiya şirkətlərini bir araya gətirir.
Bu il ABŞ-nin San-Dieqo şəhərində keçirilən konfransda Azərbaycan da təmsil olunub. Tədbirdə iştirak edən "Caucasus Geo Survey" MMC-nin təsisçisi və direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) GIS üzrə eksperti Rauf Əmənov AZƏRTAC-a müsahibəsində konfransın əsas müzakirə mövzuları, “GeoAI” texnologiyalarının inkişafı, Azərbaycanın milli məkan məlumatları infrastrukturunun perspektivləri və ölkəmiz üçün yeni əməkdaşlıq imkanları barədə danışıb.
- Dünyanın ən nüfuzlu GIS platformalarından hesab olunan “Esri İstifadəçi Konfransı” bu il hansı əsas mövzular və texnoloji yeniliklərlə yadda qaldı? Bu tədbirin qlobal geoməkan sənayesi üçün əhəmiyyəti nədən ibarətdir?
- “Esri İstifadəçi Konfransı” bu il iyulun 13–17-də ABŞ-nin Kaliforniya ştatının San-Dieqo Konqres Mərkəzində keçirilib və coğrafi informasiya sistemləri sahəsində dünyanın ən nüfuzlu tədbiri hesab olunur. Konfransda 100-dən çox ölkədən 18 mindən artıq iştirakçı, həmçinin minlərlə onlayn mütəxəssis iştirak edir. 1981-ci ildə cəmi 15 istifadəçi ilə başlayan bu platforma bu gün qlobal GIS ictimaiyyətinin əsas görüş məkanına çevrilib.
Bu il konfransın devizi “GIS - daha intellektual dünya yaratmaq”dır. Bu yanaşma “harada?” sualına cavab verən coğrafi məlumatların qərarların qəbulunda daha səmərəli istifadəsini ifadə edir.
Konfransın əsas mövzusu isə, şübhəsiz, süni intellektin “ArcGIS” platformasına inteqrasiyasıdır. “GeoAI” artıq eksperimental mərhələni geridə qoyaraq iş proseslərinin avtomatlaşdırılması, analitik təhlilin sürətləndirilməsi və mürəkkəb məkan məlumatlarının qərar qəbul edənlər üçün daha anlaşılan formaya salınması istiqamətində geniş tətbiq olunur.
Plenar iclasda “Esri”nin təsisçisi və prezidenti Cek Danqermond şirkətin gələcək inkişaf baxışını təqdim etdi. Əsas məruzəçilərdən biri də “Tompkins Conservation” təşkilatının həmtəsisçisi Kristine Tompkins idi. Konfrans çərçivəsində yüzlərlə texniki sessiya, Xəritə Qalereyası və 200-dən çox təşkilatın təmsil olunduğu sərgi təşkil olunub.
- Konfrans çərçivəsində fəaliyyətiniz hansı əsas istiqamətləri əhatə edirdi və qarşınıza hansı hədəfləri qoymuşdunuz?
- Mənim iştirakım üç istiqaməti əhatə etdi. Birincisi, texnoloji istiqamətdir. Buraya “ArcGIS Enterprise”, məsafədən zondlama, “LiDAR” və “GeoAI” üzrə ən yeni həllərin birbaşa mənbədən öyrənilməsi daxildir.
İkincisi, institusional istiqamətdir. Azərbaycandan gələn, xüsusilə yol və kommunal infrastruktur sahəsində çalışan mütəxəssislərin iştirakının əlaqələndirilməsi ilə məşğulam.
Üçüncüsü isə nümayəndəlik funksiyasıdır. Məqsəd Azərbaycanın rəqəmsal infrastruktur, “ağıllı şəhər” və torpaq idarəçiliyi sahəsində qazandığı təcrübəni beynəlxalq peşəkar auditoriyaya təqdim etməkdir.
- Konfrans çərçivəsində “Esri”nin təsisçisi və prezidenti Cek Danqermond ilə keçirdiyiniz görüşdə Azərbaycanın GIS ekosistemi və gələcək əməkdaşlıq imkanları ilə bağlı hansı məsələlər müzakirə olundu?
- Bəli, konfransın mənim üçün ən yaddaqalan məqamlarından biri məhz Cek Danqermond ilə görüş oldu. Söhbət zamanı Azərbaycanın GIS sahəsində əldə etdiyi irəliləyiş, milli məkan məlumatları infrastrukturunun (SDI) inkişaf perspektivləri və regionumuzda “GeoAI” həllərinin tətbiqi imkanları barədə fikir mübadiləsi apardıq. Danqermondun tez-tez vurğuladığı bir fikir mənə xüsusilə yaxındır: "Coğrafi yanaşma texnologiya deyil, təfəkkür tərzidir".
- Konfrans çərçivəsində keçirdiyiniz işgüzar görüşlərdən hansıları Azərbaycanın GIS ekosistemi baxımından xüsusi əhəmiyyət daşıyırdı?
- Sərgi çərçivəsində qlobal texnologiya şirkətləri, “LiDAR” və dron sistemləri istehsalçıları, həmçinin kommunal şəbəkələrin idarə olunması üzrə həllər təqdim edən şirkətlərlə görüşlər keçirdik. Bununla yanaşı, müxtəlif ölkələrin dövlət qurumlarını təmsil edən mütəxəssislərlə yol infrastrukturunun idarə olunması və qaz şəbəkələrinin rəqəmsal əkizlərinin yaradılması istiqamətində təcrübə mübadiləsi apardıq. Əsas məqsəd yeni texnoloji tərəfdaşlıqların qurulması, Azərbaycanda həyata keçirilən layihələrə müasir metodologiyaların gətirilməsi, təlim və sertifikatlaşdırma imkanlarının genişləndirilməsi, eləcə də milli mütəxəssislərin qlobal peşəkar şəbəkəyə inteqrasiyasıdır.
Belə əlaqələr adətən qısa müddətdə nəticə vermir. Onlar uzunmüddətli əməkdaşlığın əsasını formalaşdırır.
- Konfransda əldə olunan təcrübə və müzakirələr Azərbaycanın GIS ekosisteminin inkişafına və rəqəmsal transformasiya prosesinə hansı töhfəni verə bilər?
- İlk növbədə, dövlət və özəl sektorda GIS ayrıca texniki sistem kimi deyil, korporativ idarəetmə platforması kimi qəbul edilməlidir. Müxtəlif qurumlarda yaradılan məlumatların vahid standartlar əsasında inteqrasiyası xüsusi əhəmiyyət daşıyır.
Konfrans çərçivəsində Yamayka hökumətinin Prezident Mükafatı, ABŞ-nin Ostin şəhərinin isə departamentlərarası əməkdaşlığa görə Korporativ GIS Mükafatı alması göstərdi ki, uğurlu GIS sistemi yalnız proqram təminatı və məlumat bazası demək deyil. Burada institusional əməkdaşlıq, məlumat mübadiləsi, effektiv idarəetmə modeli, ixtisaslı kadr hazırlığı və rəhbərliyin dəstəyi həlledici rol oynayır.
Azərbaycan üçün prioritet istiqamətlər milli məkan məlumatları infrastrukturunun inkişaf etdirilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi, süni intellekt və peyk məlumatlarının əməliyyat sistemlərinə inteqrasiyası, eləcə də kommunal infrastrukturun rəqəmsal əkizlərinin yaradılması ola bilər.
GIS texnologiyalarının ölkəmiz üçün faydası bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, bu platforma dünyada tətbiq olunan ən son texnoloji yenilikləri vaxtında izləməyə imkan verir. Eyni zamanda, Azərbaycanın rəqəmsal transformasiya, ağıllı şəhər layihələri və işğaldan azad olunmuş ərazilərin bərpası kimi milli prioritetləri üçün beynəlxalq təcrübə təqdim edir.
Bundan başqa, ölkəmizin geoməkan texnologiyaları sahəsində potensialının beynəlxalq səviyyədə tanıdılmasına, yeni tərəfdaşlıqların və investisiyaların cəlbinə şərait yaradır. Nəhayət, bu cür tədbirlər insan kapitalının inkişafına mühüm töhfə verir. Buradan qayıdan hər bir mütəxəssis öz komandasında yeni bilik və yanaşmaların daşıyıcısına çevrilir.
Mən hesab edirəm ki, Azərbaycan GIS sahəsində yalnız texnologiyadan istifadə edən deyil, həm də bu sahəyə töhfə verən ölkəyə çevrilə bilər. Bunun üçün isə iki əsas şərt var: beynəlxalq platformalarda davamlı iştirak və milli məkan məlumatları infrastrukturuna sistemli investisiyalar.
Müxbir – Pərvanə Qafarova
Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb
DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq