×
A
A
A
Sazlamalar

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Bakı, 7 avqust, AZƏRTAC

2023-cü ildə SOCAR-ın “McKinsey” şirkəti (“McKinsey & Company”) ilə strateji tərəfdaşlığı çərçivəsində başlanılan və iki il yarım davam edən “SOCAR karbamid” zavodunda rəqəmsal transformasiya süni intellektin, rəqəmsal platformaların və innovativ texnoloji həllərin əməliyyatların modernləşdirilməsində yaratdığı böyük potensialı nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki paylaşımında bildirib.
Nazir qeyd edib ki, “EnergyAI” platforması, proqnozlaşdırıcı texniki xidmət və müəssisənin ehtiyaclarına uyğunlaşdırılmış rəqəmsal həllər, eyni zamanda, SOCAR Rəqəmsal Akademiyası vasitəsilə kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb, enerji səmərəliliyi, eləcə də əməliyyatların etibarlılığı yüksəldilib, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına dəstək verilib. Bu transformasiyanın “McKinsey” şirkətinin rəsmi internet səhifəsində yer alması bir daha onun qlobal əhəmiyyətini göstərir. “SOCAR karbamid" qabaqcıl texnologiyalar və yerli mütəxəssislərin peşəkarlığı sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir.
“Bu təşəbbüs SOCAR-ın rəqəmsal transformasiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərə əsaslanır. Şirkətin Dünya İqtisadi Forumunun (World Economic Forum) “Digital Lighthouse” statusuna üç dəfə layiq görülməsi onu sənaye sahəsində rəqəmsal innovasiyalar üzrə seçilən qlobal liderlər sırasında qərarlaşdıran əhəmiyyətli göstəricidir. “SOCAR karbamid”də qazanılmış təcrübə isə SOCAR-ın digər fəaliyyət istiqamətlərinin, eləcə də Azərbaycanın sənaye sektorunun rəqəmsal transformasiyası üçün daha geniş miqyasda tətbiq edilə bilən uğurlu model təqdim edir”, - deyə Mikayıl Cabbarov bildirib.

İqtisadiyyat 2026-08-07 13:01:00