


Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm
Bakı, 7 avqust, AZƏRTAC
“Qarabağ” son üç oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm. Yeni futbolçuların səviyyəsi yaxşıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev “Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubuna 0:1 hesabı ilə məğlub olduğu ilk oyun barədə danışarkən deyib.
O, Ağdam təmsilçisinin hücum xəttində müəyyən problemlərin göründüyünü bildirib: “Amma inanıram ki, Qurban Qurbanov bunun öhdəsindən gələcək. Yeni futbolçuların bir-birilərinə və komandanın oyun üslubuna tam uyğunlaşması üçün zamana ehtiyac var. Oyunçular qol epizodları yaradırlar, lakin bunu reallaşdırmaqda çətinlik çəkirlər. ÇSKA ilə matçlarda da kifayət qədər qol fürsətləri oldu. Həmin epizodlardan istifadə olunsaydı, “Qarabağ” mərhələni keçə bilərdi. Sadəcə, bəxt amili və qol çatışmazlığı öz sözünü dedi".
Veteran yarımmüdafiəçinin sözlərinə görə, komandanın hazırkı vəziyyətinin səbəblərini baş məşqçi Qurban Qurbanov hamıdan yaxşı bilir: "O, uzun illərdir komandanın daxilindədir və problemləri hamıdan yaxşı görür. Hesab edirəm ki, komandadan ayrılan futbolçuların yeri hələ tam doldurulmayıb".
Mütəxəssis keçmiş komandasının növbəti mərhələyə yüksəlmək üçün hələ də şansının olduğunu vurğulayıb: "Düşünürəm ki, şanslar hələ də bərabərdir. "Dinamo"nun əvvəlki əzəməti olmasa da, güclü rəqibdir. Buna baxmayaraq, "Qarabağ"a inanıram və komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, bu mərhələni keçərək Azərbaycan futbolsevərlərini sevindirəcəklər".
V.Rzayev son 1 ildə "Qarabağ"ı tərk edən Yassin Benzia, Kevin Medina və Kamilo Duran kimi oyunçuların komanda üçün vacib fiqurlar olduğunu vurğulayıb. O əlavə edib ki, buna baxmayaraq, futbolun iqtisadi tərəfi də nəzərə alınmalıdır: "Klubun gəlir əldə etməsi üçün oyunçu satması və yeni futbolçular transfer etməsi normal prosesdir. Buna görə "Qarabağ"ı qınamaq düzgün deyil. Əksinə, bu, klubun düzgün idarə olunduğunu göstərən amillərdən biridir".
Veteran futbolçu əminliklə bildirib ki, "Qarabağ" bu mövsüm də Premyer Liqada çempionluq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə cavab matçını avqustun 13-də Bakıda keçirəcək.
Müxbir – Cavid Əliyev
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV