


Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib
Bakı, 7 avqust, AZƏRTAC
Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və külli miqdarda pul vəsaitinin ələ keçirildiyi müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, 2026-cı il avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunaraq yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Yanğın söndürüldükdən sonra evə keçirilən baxış zamanı orada yaşayan 1941-ci il təvəllüdlü Əsgər Vəli oğlu Səmədovun və onun arvadı 1954-cü il təvəllüdlü Adilə Soltan qızı Hüseynovanın meyitləri aşkar edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İlkin olaraq yanğın hadisəsi kimi qeydə alınan faktın bütün hallarının, o cümlədən şəxslərin ölüm səbəblərinin və yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin prokuror-kriminalistləri, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin müstəntiqləri, Tərtər Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları, habelə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə qısa müddətdə genişmiqyaslı və kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar təyin edilib, çoxsaylı şəxslər dindirilib, əldə olunmuş məlumatlar qarşılıqlı əlaqələndirilərək təhlil edilib.
Toplanmış dəlillərlə yanğının təsadüfi xarakter daşımadığı, hadisənin qəsdən adamöldürmə ilə əlaqəli olduğu müəyyən edilib.
İbtidai istintaqla Vüqar Mehman oğlu Baxşəliyevin avqustun 6-da qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əldə olunmuş sübutlar əsasında Vüqar Baxşəliyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adamöldürmə), 120.2.5-ci (tamah məqsədilə adamöldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adamöldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə icraat Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsində davam etdirilir.
Cinayətin bütün hallarının, o cümlədən onun törədilməsinə səbəb və şəraitin tam və hərtərəfli araşdırılması, hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər icra olunur.
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar