×
A
A
A
Sazlamalar

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan daha 1,4 milyard avronu Ukraynaya ayıracaq

Berlin, 5 avqust, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının Aİ sanksiyaları nəticəsində dondurulmuş aktivlərindən əldə olunan faiz gəlirlərinin növbəti tranşı üzrə 1,4 milyard avro qəbul edib.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının məlumatında bu vəsaitin 2026-cı ilin martında həyata keçirilmiş əvvəlki köçürmədən sonra beşinci tranş olduğu və cari ilin ilk altı ayında formalaşmış gəlirləri əhatə etdiyi bildirilib. Məlumata əsasən, Rusiyanın dondurulmuş aktivləri indiyədək ümumilikdə 8 milyard avro həcmində faiz gəliri yaradıb.
Aİ qanunvericiliyinə əsasən, aktivlərə toxunulmur və onlar dondurulmuş vəziyyətdə saxlanılır. Lakin həmin aktivlərin idarə olunması nəticəsində əldə edilən xalis gəlirlər Ukraynanın dəstəklənməsinə yönəldilir.
Ayrılan vəsaitin 95 faizi Ukraynanın Kredit Əməkdaşlığı Mexanizmi vasitəsilə ölkəyə göstərilən makromaliyyə dəstəyinin maliyyələşdirilməsinə, 5 faizi isə Avropa Sülh Fondu çərçivəsində Ukraynanın hərbi və müdafiə ehtiyaclarının qarşılanmasına sərf olunacaq. Bu mexanizm Aİ-nin Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kiyevə dəstək siyasətinin tərkib hissəsidir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-08-05 13:11:00