×
A
A
A
Sazlamalar

Qanunvericilik süni intellekt texnologiyalarının inkişaf sürətinə uyğun şəkildə yenilənməlidir - Ekspert rəyi

Bakı, 5 avqust, AZƏRTAC

Süni intellekt (AI) texnologiyalarının sürətli inkişafı gündəlik həyatda yeni imkanlar yaratmaqla yanaşı, ciddi təhlükələri də gündəmə gətirib. Xüsusilə “deepfake” texnologiyası vasitəsilə hazırlanan saxta video, şəkil və səs materialları dezinformasiyanın yayılması, maliyyə dələduzluğu və şəxsi nüfuzun zədələnməsi kimi riskləri artırır. Bu səbəbdən dünya ölkələri həm hüquqi, həm də texnoloji müstəvidə yeni həll yolları üzərində çalışır. Mütəxəssislər hesab edirlər ki, “deepfake” təhdidlərinin qarşısını almaq üçün yalnız texnoloji vasitələr kifayət etmir, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi və cəmiyyətin rəqəmsal savadlılığının artırılması da vacibdir. Bu istiqamətdə görüləcək kompleks tədbirlər süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsinə töhfə verə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında süni intellekt üzrə ekspert Dilarə Zamanova deyib.
O bildirib ki, “deepfake” texnologiyasının yaratdığı risklərlə effektiv mübarizə yalnız bir istiqamətdə atılan addımlarla mümkün deyil. Bunun üçün hüquqi tənzimləmə, texnoloji həllər, platformaların məsuliyyəti və cəmiyyətin rəqəmsal savadlılığını birləşdirən kompleks yanaşma tələb olunur. İlk növbədə qanunvericilik süni intellekt texnologiyalarının inkişaf sürətinə uyğun şəkildə yenilənməlidir: “Qəsdən hazırlanmış və insanları aldatmaq, maliyyə dələduzluğu törətmək, seçki proseslərinə təsir göstərmək, şantaj etmək və ya kiminsə nüfuzuna zərər vurmaq məqsədi daşıyan “deepfake” məzmunların hazırlanması və yayılması hüquqi məsuliyyət yaratmalıdır. Bununla yanaşı, yaradıcılıq, təhsil və elmi tədqiqat məqsədilə hazırlanan süni intellekt məzmunları ilə qəsdən zərər vurmağa yönəlmiş saxta məzmunlar arasında aydın hüquqi fərq qoyulmalıdır ki, innovasiyanın inkişafı məhdudlaşdırılmasın. Texnoloji baxımdan isə ən vacib istiqamətlərdən biri süni intellekt vasitəsilə yaradılmış məzmunun avtomatik tanınmasıdır. Müasir AI deteksiya sistemləri video, şəkil və səs fayllarındakı qeyri-təbii hərəkətləri, işıq uyğunsuzluqlarını, səs dalğalarındakı fərqləri və digər texniki izləri analiz edərək saxtalaşdırma ehtimalını müəyyən edə bilir. Bu texnologiyalar davamlı olaraq yenilənməli və media qurumları, dövlət təşkilatları, banklar və sosial media platformaları tərəfindən geniş tətbiq olunmalıdır”.

İqtisadiyyat 2026-08-05 12:44:00