


Almaniyanın Ukraynaya dəstəyinin həcmi 100 milyard avronu ötüb
Berlin, 3 avqust, AZƏRTAC
Almaniya hökuməti Rusiya-Ukrayna müharibəsinin başlamasından etibarən Kiyevə hərtərəfli dəstəyini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Almaniya hökumətinin məlumatına əsasən rəsmi Berlin 2022-ci il fevralın 24-dən indiyədək Ukraynaya ikitərəfli mülki yardım çərçivəsində 43,3 milyard avrodan çox vəsait ayırıb. Bununla yanaşı, Almaniya tərəfindən Ukraynaya təxminən 57,6 milyard avro həcmində hərbi dəstək göstərilib və ya qarşıdakı illər üçün vəsait nəzərdə tutulub.
Məlumatda qeyd olunub ki, Almaniyanın Ukraynaya yardımı enerji və kritik infrastrukturun bərpası, humanitar yardım, müdafiə imkanlarının gücləndirilməsi, qaçqınların dəstəklənməsi, iqtisadi və maliyyə sabitliyinin qorunması, eləcə də ölkənin uzunmüddətli bərpası istiqamətlərini əhatə edir. Berlin hökuməti, həmçinin Ukraynada hüquq sisteminin, dövlət idarəçiliyinin və islahat proseslərinin inkişafına, səhiyyə, təhsil və elmi əməkdaşlıq sahələrinə dəstək göstərir.
Həmçinin bildirilib ki, Ukraynanın suveren, demokratik və dayanıqlı dövlət kimi qorunması təkcə bu ölkənin deyil, həm də Avropanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Berlinin Kiyevə siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirəcəyi vurğulanıb.
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO
Fransada qalmaqal: Ayrı-seçkilik ittihamlarından sonra Aqd şəhərindəki mübahisəli afişa yığışdırılıb
Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib
Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb