


Fransada qalmaqal: Ayrı-seçkilik ittihamlarından sonra Aqd şəhərindəki mübahisəli afişa yığışdırılıb
Paris, 7 avqust, AZƏRTAC
Fransanın Herol departamentində yerləşən Aqd şəhərinin bələdiyyəsi çimərliklərdə yayımladığı mübahisəli maarifləndirici afişanı tənqidlərdən sonra yığışdırıb. Şəhər mart ayında ifrat sağçı “Milli Birlik” partiyasının nəzarətinə keçdikdən sonra bu hadisə siyasi müzakirələrə səbəb olub.
AZƏRTAC xəbər verir ki, “Liberation” qəzetinin məlumatına görə, süni intellekt vasitəsilə hazırlanmış afişa iyulun 31-də bələdiyyə bülletenində dərc olunub və daha sonra şəhərin sahil ərazilərində yerləşdirilib.
Afişada üç kişinin qumun üzərində oturaraq, qəlyan çəkdiyi və musiqi dinlədiyi təsvir olunub. Şəkildə belə yazı yer alıb: “Qəlyanın və musiqinin bizə ehtiyacı yoxdur! Tətilimizə hörmət et”.
Bələdiyyə bu kampaniya ilə iyulun 2-də qəbul edilmiş qərarın icrasını xatırlatmaq istəyib. Həmin qərara əsasən, çimərliklərdə qəlyan və su borularından istifadə qadağan edilib və qaydanı pozanlar 150 avroyadək cərimələnə bilərlər.
Mübahisəli kampaniyanı ilk olaraq “SOS Racisme” təşkilatı gündəmə gətirib. Təşkilatın baş direktoru Valentin Stel afişanın mətnini “çox aqressiv” adlandıraraq, onun artıq qanunla qadağan olunmuş davranışları təkrar vurğuladığını bildirib.
Hüquqi baxımdan afişanın açıq şəkildə qanunu pozmadığı bildirilsə də, Aqd bələdiyyəsi materialı çimərliklərdən yığışdırıb.
Bələdiyyə qərarını şəhərdə problemli davranışların artması ilə əsaslandırıb. Lakin yerli hakimiyyət ona qarşı irəli sürülən ayrı-seçkilik ittihamlarına konkret cavab verməyib.
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb