


Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA
Bakı, 7 avqust, AZƏRTAC
Hamiləlik dövründən başlayaraq uşağın iki yaşı tamam olanadək ilk 1000 gün ərzində şəkər qəbulunun məhdudlaşdırılması gələcəkdə Altsheymer xəstəliyi, demensiya, depressiya və təşviş pozuntularının inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
AZƏRTAC xəbər verir ki, alimlər “npj Aging” jurnalında dərc olunmuş araşdırmada bu nəticəyə gəliblər.
Tədqiqatçılar 1951–1956-cı illərdə anadan olmuş “UK Biobank” layihəsinin 60 min 394 iştirakçısının məlumatlarını təhlil edərək, həyatının ilk 1000 günü şəkər istehlakının məhdudlaşdırıldığı dövrə təsadüf edən şəxslərin sağlamlıq göstəricilərini bu məhdudiyyətlər ləğv edildikdən sonra doğulan insanların göstəriciləri ilə müqayisə ediblər.
Araşdırma göstərib ki, erkən yaşlarında daha az şəkər qəbul edən şəxslərdə demensiya riski 27 faiz, Altsheymer xəstəliyi riski 46 faiz, depressiya riski 11 faiz, təşviş pozuntularının inkişaf riski isə 20 faiz aşağı olub. Eyni zamanda, ən nəzərəçarpan müsbət təsir doğulduqdan sonra da şəkər qəbulu məhdud saxlanılan uşaqlarda müşahidə edilib. Yalnız ana bətnində inkişaf dövründə şəkər qəbulunun məhdudlaşdırılması isə sonrakı illərdə beyin sağlamlığına demək olar ki, təsir göstərməyib.
Maqnit-rezonans tomoqrafiyasının nəticələri də göstərib ki, bu qrupun beyni daha yavaş qocalıb. Belə ki, onların beyninin bioloji yaşı orta hesabla pasport yaşından 0,39 il az olub. Bundan əlavə, həmin şəxslərdə yaddaş və idrak funksiyalarında mühüm rol oynayan hipokamp və talamusun həcmi daha böyük olub. Tədqiqatın müəllifləri vurğulayırlar ki, bu araşdırma səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bununla belə, əldə olunan nəticələr göstərir ki, həyatın ilk illərində şəkərin qəbulunun məhdudlaşdırılması beyinin uzunmüddətli qorunmasına töhfə verən amillərdən biri ola bilər.
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb