


Rus Borisi: Yaddaşlarda qorunan iki əsrə yaxın tarix
Goranboy, 3 avqust, AZƏRTAC
Rus Borisi Goranboy rayonunda yerləşən kiçik kənddir. Burada təxminən iki əsrə yaxın tarix sakinlərin yaddaşında, ailə arxivlərində və köhnə sənədlərdə yaşamaqda davam edir. Bu kənddə keçmişin izləri yaşlı nəslin xatirələrində, nəsildən-nəslə ötürülən ənənələrdə və taleyini bu yerlə bağlayan insanların həyatında bu gün də özünü qoruyub saxlayır.
AZƏRTAC-ın bölgə müxbiri kənddə olub, sakinlərlə söhbət edib.
Kəndin tarixini yaşadan insanlardan biri Marfa İvanovna Saflanovadır. O, valideynləri və nənəsi kimi bu kənddə doğulub. Marfa İvanovna 52 ildən artıq kənd ambulatoriyasında əvvəl mama, daha sonra isə müəssisənin müdiri vəzifəsində çalışıb.
“Yəqin ki, elə bir ailə tapılmaz ki, onu tanımayım”, – deyə o bildirir.
Hazırda onun evində təxminən 150 il yaşı olan bir sənəd – 1887-ci ilə aid Rus Borisinin xəritəsi qorunur.

Sənədin üzərində “Yelizavetpol quberniyasının və qəzasının bir hissəsinin planı” qeyd olunub. Xəritədə torpaq sahələri, yollar, mülkiyyət sərhədləri və ətraf ərazilər göstərilib. Həmçinin miqyas da qeyd edilib: bir düym 200 sajenə bərabərdir.
“Bu xəritə təsadüfən əlimə keçdi. O vaxtdan onu qoruyub saxlayıram. Tarix üçün”, – deyə Marfa İvanovna söyləyir.
Ailə rəvayətlərinə görə, kənddə yaşayan molokanların əcdadları bura Orlov və Tambov quberniyalarından köç ediblər. Onlar indiki ərazidə məskunlaşmazdan əvvəl bir neçə dəfə yaşayış yerlərini dəyişiblər, daha sonra isə bu gün Rus Borisi adı ilə tanınan yaşayış məntəqəsinin əsasını qoyublar.
İlk sakinlərin ənənələri
Kəndin tarixi molokan icması ilə sıx bağlıdır. Rus Borisi tam orta məktəbinin ibtidai sinif müəllimi, kənd bələdiyyəsinin sədr müavini Veronika Artyuk bildirir ki, keçmişə bağlılıq bu yaşayış məntəqəsinin həyatının mühüm hissəsi olaraq qalır.
“İnstitutu bitirdikdən sonra 2010-cu ildə Rus Borisinə gəldim. Yerli məktəbdə vakant yer var idi və özümü sınamaq qərarına gəldim. Zaman keçdikcə bu kənd mənim üçün doğmalaşdı. Burada ailə qurdum, övladlarım da burada dünyaya gəldi”, – deyə o bildirib.
V.Artyukun sözlərinə görə, bu gün də kənddə ilk sakinlərin ənənələri yaşadılır.
“Əvvəllər burada əsasən molokanlar yaşayırdılar və kəndimiz daha çox məhz onlarla əlaqələndirilir. Hər bazar günü molokan dua evi açılır. İcma üzvləri burada toplaşır, dualar oxuyur və dini nəğmələr ifa edirlər”, – deyə o qeyd edib.
Ağ rəngli molokan dua evi bu gün də kəndin rəmzlərindən biri olaraq qalır və onun tarixini xatırladır. Burada nəsildən-nəslə ötürülən mənəvi ənənələr bu gün də yaşadılır.
Kəndin diqqət çəkən məkanlarından biri də XIX əsrə aid qəbirüstü abidələrin qorunduğu qədim qəbiristanlıqdır. Marfa İvanovnanın sözlərinə görə, burada 1886-cı ildə qoyulmuş bir abidəni görmək mümkündür, bəzi məzarlar isə daha qədim dövrə aiddir. Yerli sakinlər üçün bu qəbiristanlıq sadəcə dəfn yeri deyil, Rus Borisinin tarixinin mühüm hissəsi, kəndin təməlini qoymuş insanların xatirəsini yaşadan məkandır.
Qarşılıqlı anlaşma ruhunun yaşadığı kənd
Rus Borisinin müasir tarixi sonradan bu kəndə köçən ailələrlə də bağlıdır. Faiq İmaməliyev 1995-ci ildə ailəsi ilə birlikdə Kəlbəcər rayonundan bu kəndə köçüb.
“Kəndə gələndə 15 yaşım var idi. O vaxt burada yaşayanların demək olar ki, hamısı ruslar idi. Qonşularla ünsiyyət qura-qura rus dilini tez öyrəndik”, – deyə o xatırlayır.
Faiq İmaməliyevin sözlərinə görə, Rus Borisində yaşadığı illər ərzində müxtəlif millətlərin nümayəndələri arasında heç vaxt ayrı-seçkilik olmayıb.
“Artıq 31 ildir burada yaşayıram. Bu müddətdə heç vaxt “bu rusdur, bu azərbaycanlıdır” deyən olmayıb. Həmişə mehriban yaşamış, bir-birimizə kömək etmişik”, – deyə o vurğulayıb.
Murovdağın ətəyində həyat
Əvvəllər olduğu kimi, bu gün də Rus Borisində həyat torpaqla sıx bağlıdır. Kənd sakinləri kənd təsərrüfatı ilə məşğul olur, kartof, buğda və digər dənli bitkilər yetişdirir, mal-qara saxlayırlar.

Kəndin özünəməxsus gözəlliyini onun yerləşdiyi ərazi də tamamlayır. Rus Borisi Kiçik Qafqazın dağətəyi zonasında, Murovdağ silsiləsinin ətəyində yerləşdiyindən burada yay aylarında belə hava nisbətən sərin olur. Yerli sakinlərin dediyinə görə, isti mövsümdə rayonun digər yaşayış məntəqələrindən insanlar şəhər səs-küyündən uzaqlaşmaq və dincəlmək üçün buraya gəlirlər.
Kəndi gəzərkən onun sakit və ahəngdar həyatı xüsusilə hiss olunur. Köhnə evlər, yaşıllığa bürünmüş həyətlər və sakinlərin aram söhbətləri keçmişlə bu günün yanaşı yaşadığı bir məkanın ab-havasını yaradır.
Rus Borisini tərk edərkən insan bir daha bu sakit küçələrə, ağ molokan dua evinə və artıq iki əsrə yaxındır ki, bir neçə nəslin xatirəsini qoruyub saxlayan evlərə diqqət yetirir.
Müxbir – Lalə Minasazova
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar