


“Italiana Petroli” YDM-lərinin SOCAR brendi ilə fəaliyyətinə dair rebrendinq prosesinin vaxtı üzrə yekun qərar qəbul edilməyib - EKSKLÜZİV
Bakı, 3 avqust, AZƏRTAC
Hazırda “Italiana Petroli” şirkətinin yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin SOCAR brendi altında fəaliyyət göstərməsi ilə bağlı rebrendinq prosesinin vaxtı və əhatə dairəsi barədə yekun qərar qəbul edilməyib. Rebrendinq prosesinə dair yekun qərar qəbul edildikdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabrında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Səhmlərin alınması prosesi bu ilin mayında tamamlanıb. Mayın 28-də isə Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.
“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş “downstream" (paylama və satış) platformalarından biridir. 1933-cü ildən mobillik və “downstream” sahəsində fəaliyyət göstərən şirkət 1600 işçisi, 4500 IP markalı yanacaqdoldurma məntəqəsi şəbəkəsi, iki neft emalı zavodunda təxminən 10 milyon ton emal gücü və bütün ölkə üzrə yayılmış logistika sistemi ilə bazarda ilk özəl oyunçudur. 90 ildən artıq tarixə malik “IP Qrup” İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində mühüm rol oynayır.
Müxbir – Vüsalə Səfərova
“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib