×
A
A
A
Sazlamalar

Ekspert: “Huawei”nin filmi Xınalığın timsalında rəqəmsal inkişafın nəticələrini ortaya qoyur

Bakı, 23 iyun, AZƏRTAC

Çinin “Huawei” şirkəti Azərbaycanda telekommunikasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən işləri əks etdirən sənədli film təqdim edib. Filmdə genişzolaqlı internetin Xınalıq kəndində yaşayan insanların gündəlik həyatına təsiri əyani şəkildə nümayiş etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elvin Abbasov bildirib. O, hazırda Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvüdür.
Ekspertin sözlərinə görə, son illərdə ölkədə rəqəmsal bərabərsizliyin azaldılması istiqamətində atılan addımlar filmdə aydın şəkildə əks olunub. O qeyd edib ki, həm coğrafi, həm mədəni, həm də etnik müxtəlifliyi özündə birləşdirən, dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Xınalığın seçilməsi uğurlu yanaşmadır.
Bununla yanaşı, Elvin Abbasov diqqəti ölkədə internet sürətinin inkişaf dinamikasına yönəldib. Onun sözlərinə görə, son 4–5 ildə sürətli artım nümayiş etdirən median internet sürəti son aylarda müəyyən sabitləşmə mərhələsinə daxil olub. Ekspert bildirib ki, “Ookla Speedtest Global Index” platformasının may ayı üzrə hesabatına əsasən, Azərbaycanda median internet sürəti 91,95 Mbit/s təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 79,25 Mbit/s olub ki, bu da illik müqayisədə 16 faiz artım deməkdir.
Elvin Abbasov vurğulayıb ki, mövcud vəziyyətin əsas səbəblərindən biri internet provayderlərinin tarif siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, infrastruktur genişləndikcə həm istifadəçi sayı, həm də trafik həcmi əhəmiyyətli dərəcədə artıb. Açıq mənbələrə əsasən, ümumi internet trafiki illik müqayisədə təxminən 22 faiz, GPON istifadəçiləri üzrə orta trafik isə 20 faiz yüksəlib.
Ekspert qeyd edib ki, ölkədə 1 Gbit/s səviyyəsində infrastrukturun formalaşdırılmasına baxmayaraq, provayderlərin əksəriyyəti hələ də maksimum 100 Mbit/s sürətli paketlər təqdim edir. Onun sözlərinə görə, fəaliyyət göstərən təxminən 200 provayderdən yalnız üçü 150 Mbit/s-dən yüksək sürət təklif edir.
Elvin Abbasov hesab edir ki, yaxın perspektivdə internet sürətinin daha da artırılması üçün provayderlər tarif siyasətinə yenidən baxmalıdırlar. O bildirib ki, artan trafik və istifadəçi davranışları nəzərə alınaraq, daha yüksək sürətli paketlər geniş istifadəçi kütləsi üçün əlçatan edilməlidir.
“Hazırda 250 Mbit/s paketlərdə hər 1 Mbit/s üçün qiymət təxminən 0,14 manat təşkil edir. Bu göstərici 0,11 manat səviyyəsinə enmədiyi təqdirdə median internet sürətində ciddi irəliləyiş gözləmək çətin olacaq”, – deyə ekspert vurğulayıb.

Müxbir - Pərvanə Qafarova

İqtisadiyyat 2026-06-23 03:26:00