


Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin nümayəndələri ABŞ-də keçirilən “NatCSIRT 2026” və “FIRSTCON26” beynəlxalq kibertəhlükəsizlik tədbirlərində iştirak ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev Kolorado ştatının Denver şəhərində təşkil olunan Milli CERT-lərin qapalı texniki iclasına (“NatCSIRT Meeting”) və kibertəhlükəsizlik insidentlərinə cavabvermə sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab edilən 38-ci beynəlxalq FIRST konfransına (“FIRSTCON26”) qatılıb.
Bu il “Müasir təhdidlərə qarşı adaptiv müdafiə sistemlərinin qurulması” mövzusunda keçirilən konfrans çərçivəsində süni intellekt texnologiyalarının kibertəhlükəsizlik əməliyyatlarında tətbiqi, insidentlərə cavabvermə proseslərinin avtomatlaşdırılması, kibertəhdid kəşfiyyatı, kritik informasiya infrastrukturlarının qorunması, rəqəmsal dayanıqlılıq, təchizat zəncirinə yönəlmiş hücumlar, fidyə proqramları ilə mübarizə, beynəlxalq əməkdaşlıq və müasir təhdid mühitinə uyğun müdafiə yanaşmaları ilə bağlı çoxsaylı təqdimatlar, panel müzakirələri və texniki sessiyalar təşkil olunub.
Konfrans zamanı müxtəlif ölkələrin CERT və CSIRT mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirilib, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
“FIRSTCON26” çərçivəsində təşkil olunan beynəlxalq “Capture The Flag” (CTF) yarışında Azərbaycanı təmsil edən XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin “AzCyberForce” komandası 69 komanda və 179 iştirakçı arasında 5-ci yerə layiq görülüb. Bu nəticə Azərbaycanın kibertəhlükəsizlik sahəsində peşəkar potensialının beynəlxalq səviyyədə nümayişi kimi qiymətləndirilir.
Qeyd edək ki, “NatCSIRT 2026” və “FIRSTCON26” tədbirlərində iştirak qabaqcıl təcrübələrin öyrənilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafı və Azərbaycanın kibertəhlükəsizlik sahəsində nailiyyətlərinin qlobal platformalarda təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb
Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur
Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var
“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO
İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır