


Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var
Bakı, 22 iyun, AZƏRTAC
Ötən il Özbəkistanda ümumi daxili məhsulun (ÜDM) istehsalı 7,4 faiz, bu il isə 6,8 faiz artacağı gözlənilir. Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın xüsusi rolu var. Belə ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında birləşdirici funksiyanı yerinə yetirir. Azərbaycanın nəqliyyat və tranzit infrastrukturundan istifadə edərək Özbəkistan ixrac potensialını artırır və Avropa bazarlarına çıxa bilir ki, bu da ölkənin ticarət dövriyyəsinin həcmini artırır.
AZƏRTAC xəbər verir ki, bu fikir Özbəkistanın UZA dövlət informasiya agentliyinin saytında yer alıb.
Məqalədə deyilir ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Ötən il həyata keçirilən birgə iqtisadi layihələrin həcmi 30 faiz artıb. Hər iki ölkə 2030-cu ilə kimi ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı planlaşdırıb ki, bunun da həyata keçirilməsi üçün hər iki ölkənin güclü potensialı var. Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artıran daha bir addım da 10 milyard dollar həcmində qarşılıqlı investisiya fondunun yaradılmasıdır. Dövlətlər arasında yaxınlaşmanın əsasında hər iki ölkənin mədəni, dini və qohumluq əlaqələri dayanır. Mütəmadi olaraq birgə biznes-forumların, hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi və gündəlikdə duran məsələlərin təhlili perspektivdə iqtisadi münasibətlərin vahid sistemə inteqrasiya olunacağını deməyə əsas verir. 2023-cü ildə yaradılan və nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti simvolik olaraq iki ölkənin dostluğunu nümayiş etdirmək üçün deyil, real layihələrin həyata keçirilməsi üçün yaradılıb. Bu gün şirkət yüksək texnologiyaların, emal sənayesinin inkişafına, ixrac potensialının artırılmasına sərmayə yatırır. Şirkət inzibati orqan kimi deyil, sərmayədar kimi fəaliyyət göstərir. Bu gün üçün şirkətin investisiya portfelinin həcmi 144 milyon dollar təşkil edir ki, bu rəqəm də şirkətin aktiv fəaliyyətini göstərir.
Azərbaycan ilə Özbəkistanın birgə investisiya şirkəti yaratmaq təcrübəsi bir nümunə kimi yaxın iqtisadi əlaqələr qurmaq istəyən dövlətlər tərəfindən istifadə oluna bilər və bu, iqtisadi uğurlar qazandırmaq imkanına malikdir.
Müxbir - Rabil Kətanov
Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb
Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur
Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var
“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO
İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır