


“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan sənayesinin inkişafında növbəti mühüm hadisə baş verib. Bakı Gəmiqayırma Zavodunda inşa edilən və neft məhsullarının daşınması üçün nəzərdə tutulan “Dostlug” tankeri istismara verilib.
AZƏRTAC xəbər verir ki, bu hadisə ölkənin gəmiqayırma potensialının və müasir istehsal imkanlarının beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilir. Xəzər hövzəsində fəaliyyətə başlayan tanker regional yükdaşımalarında yeni imkanlar açır. Layihə Azərbaycanın qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi və ixracyönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirilən siyasətin nəticələrindən biri hesab olunur.
“Dostlug” tankerinin beynəlxalq istismara çıxması göstərir ki, Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də mürəkkəb sənaye layihələrinin icraçısı kimi mövqeyini gücləndirir.
Müasir texniki göstəricilər və istehsal imkanları
Müasir texniki həllər əsasında inşa edilən tanker yüksək istismar göstəricilərinə malikdir. Gəminin uzunluğu 141 metr, eni 16,9 metr, dəniz suya oturumu 4,54 metrdir. Dedveyti 7 min 875 ton təşkil edən gəminin yük və çökdürmə tanklarının ümumi tutumu 9 min 56 kubmetrdir.
Hər biri 1200 kilovat gücündə iki əsas mühərriklə təchiz olunan tanker 10 uzel sürətlə hərəkət edə bilir. Bu göstəricilər gəminin Xəzər hövzəsində effektiv və dayanıqlı fəaliyyətinə imkan yaradır. “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Ruslan Talıbovun fikrincə, “Dostlug” layihəsi ölkədə formalaşan yüksək texnologiyalı sənaye mühitinin real nəticələrindən biridir. Layihə yerli istehsalın mürəkkəb mühəndislik tapşırıqlarını yerinə yetirmək qabiliyyətini nümayiş etdirir. Onun sözlərinə görə, Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başladığı dövrdən ölkənin sənaye infrastrukturunun əsas müəssisələrindən birinə çevrilib. Müəssisədə indiyədək 14 gəmi tikilib, 170-dən çox gəmidə təmir işləri aparılıb.
Beynəlxalq əməkdaşlıq və yeni sifarişlər
Hazırda zavodun sifariş portfelində 17 gəmi yer alır. Onlardan 11-i tikinti, 6-sı isə layihələndirmə mərhələsindədir. Eyni zamanda beynəlxalq əməkdaşlıq istiqamətində də yeni layihələr həyata keçirilir. Son razılaşmalar çərçivəsində yük gəmilərinin inşası davam etdirilir, Xəzər dənizi üçün konteyner gəmilərinin tikintisinə başlanılır. “Dostlug” tankerinin Türkmənistan sularında istismara verilməsi Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafına əlavə impuls yaradır.
Ruslan Talıbov qeyd edib ki, Xəzər hövzəsində yük dövriyyəsinin artması və regional logistika marşrutlarının genişlənməsi fonunda belə layihələrin əhəmiyyəti daha da yüksələcək.
Azərbaycanın sənaye potensialının simvolu
Beləliklə, “Dostlug” tankeri yalnız yeni nəqliyyat vasitəsi deyil, həm də Azərbaycanın müasir sənaye potensialını, mühəndislik imkanlarını və beynəlxalq əməkdaşlıq perspektivlərini əks etdirən mühüm layihələrdən biri kimi qiymətləndirilir. Bu layihə ölkənin gəmiqayırma sənayesinin regional və beynəlxalq miqyasda mövqelərinin möhkəmləndiyini nümayiş etdirən növbəti uğurlu addım kimi tarixə düşür.
Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb
Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur
Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var
“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO
İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır