×
A
A
A
Sazlamalar

İran Hörmüz boğazında insidentlərin qarşısını almaq üçün rabitə kanalı yaradılmasına razılıq verib

Bakı, 23 iyun, AZƏRTAC

İran münaqişənin və mümkün insidentlərin qarşısının alınması məqsədilə gəmilərin Hörmüz boğazı vasitəsilə hərəkəti ilə bağlı xüsusi rabitə kanalı yaradılmasına razılıq verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.
Onun sözlərinə görə, boğazda müxtəlif problemlərin yaranma ehtimalı nəzərə alınaraq, əlaqələndirmə mərkəzi və rabitə xəttinin yaradılması barədə razılıq əldə olunub. Bu mexanizm vasitəsilə yaranan məsələlərin daha operativ şəkildə, mümkün qədər 30 gün ərzində həll edilməsi nəzərdə tutulur.
Qalibaf bildirib ki, yaradılacaq rabitə xətti gəmilərin boğazdan keçidi üçün icazə almaq məqsədi daşımır. Onun sözlərinə görə, keçid icazələrinin verilməsi ayrıca prosedur olaraq qalır. Yeni mexanizm yalnız gəmilərlə bağlı yaranan problemlərin, insidentlərin və ya anlaşılmazlıqların aradan qaldırılmasına xidmət edəcək.
İran parlamentinin sədri, həmçinin vurğulayıb ki, Hörmüz boğazının idarə olunması bundan sonra əvvəlki qaydada həyata keçirilməyəcək.
“Beynəlxalq hüququn normalarına hörmət olunacaq. Bununla yanaşı, Hörmüz boğazında gəmiçilik İranın müəyyən etdiyi qaydalar və beynəlxalq hüquq çərçivəsində tənzimlənəcək”, – deyə o qeyd edib.

Dünya 2026-06-23 02:44:00